YAP-ın 26 illiyi qeyd olundu

YAP-ın 26 illiyi qeyd olundu
  21 Noyabr 2018    Oxunub:2384
Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi ilə bağlı tədbir keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə partiyanın İdarə Heyətinin, Siyasi Şurasının və gənclər birliyinin üzvləri iştirak ediblər.

Çıxışı zamanı YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov bildirib ki, partiya cəmiyyətin ən əzəmətli təşkilatı kimi özünü sübut edib: "Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi ab-havasının indikatoru rolunu oynayır. Bu təşkilat özünün 26 illik fəaliyyətindən məmnundur. Bu illər ərzində Azərbaycan regionda öz mövqeyini əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycan adı hörmətlə çəkilən ölkələrdəndir".



Ə.Əhmədov qeyd edib ki, partiyanın 725 min üzvü var: "Partiyada Azərbaycanın yaşlı əhalisinin hər 10 nəfərindən biri təmsil olunur. Onların Yeni Azərbaycan Partiyasında birləşməsi Heydər Əliyev ideyalarına olan inamla bağlıdır".

Partiyanın İdarə Heyətinin üzvü, baş nazirin müavini Hacıbala Abutalıbov bildirib ki, Ulu Öndər Heydər Əliyev güclü azərbaycançılıq ideologiyasının əsasını qoyub: "Ölkəmiz Azərbaycanın yeni lideri, respublikamızın prezidenti İlham Əliyevə həvalə olunduqdan sonra o, qısa zaman kəsiyində, yüksələn xətt üzrə ictimai həyatımızın bütün sahələrini əhatə edən uğurlu və məqsədyönlü islahatlar həyata keçirir. İlham Əliyev müasir Azərbaycanda baş verən modernləşmə proseslərini düzgün məcraya yönəldərək yeni innovasiya və informasiya texnologiyaların tətbiqi prosesini daxili və qlobal mühitin tələblərinə uyğun səviyyədə gerçəkləşməsinə münbit şərait yaradıb".

Baş nazirin müavini vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətlərini Ilham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir.



Milli Məclisin sədr müavini Bahar Muradova isə çıxışında vurğulayıb ki, Azərbaycanda 25 il ərzində iqtidarda olan 26 yaşlı Yeni Azərbaycan Partiyası xalq tərəfindən dəstəklənir və ölkəmizə inkişaf, çiçəklənmə gətirir: "Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda ən uzunömürlü və iqtidarda olan siyasi partiyadır. 26 il əvvəl Naxçıvanda təsis olunan və noyabrın 21-də yaranan YAP bütün bacarığımızı göstərə bilmək şansı qazandığımız siyasi təşkilatdır. Bu tarixə nəzər saldıqda əvvələ qayıtmalı oluruq. O dövrdə ölkəmizdə siyasi sabitlik pozulduğundan partiyanın üzərinə böyük öhdəlik düşürdü. Partiya bu problemləri həll etmək kimi öhdəliklərə malik idi. O zaman yaranan partiyalar bir şəxsin ətrafındakı birləşmədən uzağa gedə bilmədilər. Onlar nəinki problemlərin öhdəsindən gələ bilmədilər, əksinə Azərbaycanı uçuruma yuvarladılar".



B.Muradova qeyd edib ki, xalqın müraciəti əsasında Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldi: "Bu gün biz Ulu öndərin bu addımını yüksək qiymətləndiririk. Vaxtilə Ulu Öndərə müraciət edənlərə təşəkkür edirik. Çünki bu addımı atmaqla azad Azərbaycanı yarada, xalqı arxanızca apara bildiniz. Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi kursu uğurla davam etdirən, ölkəmizi daha da inkişafa aparan Prezident İlham Əliyevin fəaliyyətinin müsbət nəticələrini görməkdəyik".

Onun sözlərinə görə, bu gün qadınlar partiya üzvlərinin demək olar ki, yarısını təşkil edir: "Qadınlarımız partiyanın sıralarının genişlənməsinə öz töhfələrini verməkdədirlər. Partiyanın üzvləri öz istəkləri ilə bu partiyaya qoşulurlar. Bu gün partiyada gənclərimizin sayı artmaqdadır. Partiyamız ən müxtəlif səviyyələrdə təmsil olunur".



B.Muradova qeyd edib ki, Yeni Azərbaycan Partiyasının nüfuzu xalq içərisində getdikcə artır: "Partiyamızı qarşıda duran hədəflərə çatdırmalıyıq. Bu illər ərzində ümumi fəaliyyətimizin çox uğurlu nəticələri var ki, bu nəticələr bütün sahələrdə özünü göstərməkdədir. Partiya bir çox ölkələrin tanınmış partiya ilə əlaqələr qurub, birgə fəaliyyətlərə öz töhfəsini verməkdədir".

Tədbir partiyanın gənc üzvlərinin çıxışları ilə yekunlaşıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: YAP   YAP-26  





Xəbər lenti