Kərimlinin 30 illik köhnə meydan təfəkkürü

Kərimlinin 30 illik köhnə meydan təfəkkürü
  19 Noyabr 2018    Oxunub:2587
17 noyabr günü Əli Kərimlinin başına gələnlərin bircə günahkarı var idi: Özü. Həmin gün Kərimli və digər müxalifət partiyalarının sədrləri bir araya gələrək, Dirçəliş Günü ilə bağlı tədbir keçirdilər. Bu, kifayət qədər zəif, mənasız bir tədbir idi və sonda sadəcə, dağılışıb evə getmək olardı. Digər partiya sədrləri məhz belə də etdilər. Amma belə görünür ki, Kərimlinin planı başqa idi.
Hər şey ondan başladı ki, AXCP sədri öz feysbuk səhifəsindən etdiyi canlı yayımında insanları icazəsiz yürüşə çağırdı.



Son zamanlar sosial şəbəkələrdə təşkil olunan canlı yayımlardakı iştirakı nəzərə alınmasa, Əli Kərimlinin varlığı ilə yoxluğu bilinmirdi. Belə olduqda diqqəti cəlb etməyin ən yaxşı yolu icazəsiz aksiyadır ki, Kərimli məhz bu yola əl atdı.

Maraqlıdır ki, buna qədər aksiyalarına Bakı Şəhər İcra Hakimiyyətindən icazə alan Əli Kərimli bu dəfə belə etmədi. Əvvəlcədən planlaşdırıldığı kimi canlı yayımda dəfələrlə yürüş-mitinqə çağırışlar səsləndi. Təxribat, həbs olunaraq ajiotaj yaratmaq üçün məqsədli gediş etdi. Yürüş-mitinqə “ziyarət” adı qoyması isə onun kütlənin hisslərilə oynamaq cəhdindən xəbər verirdi.

Bu addımları həm də onu göstərirdi ki, Kərimli və ətrafındakılar hələ də meydan hərəkatı ab-havasındadırlar. 2018-ci ildə olsalar da, təfəkkürləri 80-ci illərin sonlarında qalıb. Onlar elə bilirlər ki, hələ də 80-ci illərin axırlarıdır, ölkədə yüksək dərəcədə siyasiləşmiş toplum var və camaatı küçələrə çağırmaqla, qanunu, asayişi pozmaqla nəyəsə nail ola bilərlər.

Amma başa düşmək istəmirlər ki, hər dövrün öz reallığı var. Anarxiya, başpozuqluq, qanunsuzluq və kütlədən istifadə etmək 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində qaldı. Bu gün Azərbaycan hüquqi dövlətdir və qanunlarla idarə olunur. Həmin qanunları pozanlar hər bir hərəkətinə görə məsuliyyət daşıyacaqlar. Yəni Əli Kərimli olmaq insanı qanunu pozmaq imtiyazı vermir. Kərimli və dəstəsi bunu nə qədər tez dərk edib, meydan havasından uzaqlaşsa, o qədər yaxşı olar.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Əli-Kərimli   Mitinq   Aksiya  





Xəbər lenti