Eldar Əzizov Bakının icra başçısı təyin edildi
Qeyd edək ki, Əzizov Eldar Əziz oğlu 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.
1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib. 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-ci ilin iyun ayından Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
1980-ci ildə “Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib. Ailəlidir, 2 övladı var.
Azvision.az
Teqlər: BŞİH İlham-Əliyev