Ermənistan UNESCO-nun dəyər və prinsiplərini kobudcasına pozub

Ermənistan UNESCO-nun dəyər və prinsiplərini kobudcasına pozub
  13 Noyabr 2018    Oxunub:1379
Koreya Respublikasının Xarici İşlər Nazirliyi və UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə Seul şəhərində “2018-ci il UNESCO Strategiya Forumu” keçirilib. Forumda Azərbaycanı Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov təmsil edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, tədbirdə UNESCO-nun qarşılaşdığı təhdidlər, gələcək fəaliyyət strategiyası və üzv dövlətlərin Təşkilat ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

E.Sultanov Forumun “UNESCO üzv dövlətlərin gözü ilə” adlı sessiyasında təqdimat ilə çıxış edib. Baş katib Azərbaycan–UNESCO əlaqələrindən danışıb, ölkəmizin təşkilat ilə əməkdaşlığına böyük önəm verdiyini bildirib. O, “Bakı Prosesi” haqqında da məlumat verib. Vurğulayıb ki, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı Prosesi” artıq mədəniyyətlərarası dialoqun təşviqi sahəsində qlobal platformaya çevrilib. Ölkəmizin bu il “Bakı Prosesi”nin 10 illiyini qeyd etdiyini diqqətə çatdırıb. E.Sultanov “Bakı Prosesi” çərçivəsində həyata keçirilən UNESCO-Azərbaycan əməkdaşlığının bunun bariz nümunəsi olduğunu deyib.

Xüsusi tapşırıqlar üzrə səfir Azərbaycan ilə UNESCO arasında mövcud sıx əlaqələrin inkişafında və genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsiplərinin də kobudcasına pozulduğunu diqqətə çatdıran E.Sultanov Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən mədəni təmizləmə siyasəti nəticəsində ölkəmizə məxsus bütün tarixi və mədəni irsin məhv edildiyini bildirib və beynəlxalq ictimaiyyəti buna qarşı öz səylərini artırmağa çağırıb.

E.Sultanov, həmçinin UNESCO-nun qarşılaşdığı təhdidlər, nəzərdə tutulan islahatlar prosesi və gələcək fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov da tədbirdə iştirak edib. Sonda “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı videoçarx nümayiş olunub.

Azvision.az


Teqlər: Azərbaycan   UNESCO   Ermənistan   Qarabağ  





Xəbər lenti