Gömrük əməkdaşları üçün seminar təşkil edilib
Bildirilib ki, Prezident İlham Əliyevin 28 fevral 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" əsasında Dövlət Gömrük Komitəsinin üzərinə böyük öhdəliklər düşür. Bu öhdəliklərdən biri də Azərbaycan xalçası adı altında xaricdə istehsal edilən saxta xalçaların ölkəmizə idxalının və satışının qarşısının alınmasıdır.
Şahin Ələsgərov diqqətə çatdırıb ki, qaçaqmalçılar bəzən Azərbaycan brendi adı altında başqa ölkənin xalçalarını, bəzən də qədim yerli xalçaları yeni xalça kimi sərhəddən keçirməyə cəhd edirlər. Bu cəhdlərin qarşısının qətiyyətlə alınması üçün gömrükçülər orijinal Azərbaycan xalçalarını başqa ölkələrdə istehsal edilən, yaxud saxta xalçalardan ayırd etməyi bacarmalıdır. Bu səbəbdən Komitə rəsmisi müvafiq seminarların gömrük əməkdaşlarının peşə bacarıqlarının və bilik səviyyəsinin artırılması üçün vacib olduğunu vurğulayıb.
Sonra seminar başlayıb. Seminarda"Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası, Azərbaycan xalçaçılıq sənətinin tarixi, inkişafı və dünya mədəniyyətinə təsiri, Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında, "Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlərin Azərbaycan Respublikasının ərazisindən ixracı" və "Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsullarının ixracı" mövzularında bilgi verilib, müzakirələr aparılıb. Eyni zamanda, seminar iştirakçılarına Azərbaycan xalçaçılıq məktəblərinin xalça nümunələri ilə əyani tanışlıq imkanı yaradılıb.
Azvision.az