Onlar niyə birləşə bilmirlər? – TƏHLİL

Onlar niyə birləşə bilmirlər? – TƏHLİL
  30 Oktyabr 2013    Oxunub:813
AXCP ilə Müsavat partiyalarının birləşməsi yenidən gündəmə gəlib. Jurnalist Rauf Arifoğlunun irəli sürdüyü təklif kənardan estetik görünsə bu, müxalifətin yeni taktikası deyildi. Təxminən 3 il bundan öncə AXCP ilə Müsavatın hay-küylü birləşmə xəbəri mətbuatda eninə-boluna işıqlandırılır, şərh edilir, şəninə təriflər söylənilirdi. Hamı iki radikal qrupunun bir çətir altına yığışacağını gözləyirdi.

Rauf bəyin irəli sürdüyü bu təklif hələ 2010-cu ilin əvvəllərində ölkədə siyasi elitanın əsas müzakirə mövzusuna çevrilmişdi. “Dostlar birləşirik” –deyə tərəflər haray çəkir, can deyib can eşidirdilər.

Partiya rəhbərləri Əli Kərimli də, İsa Qəmbər də vəziyyətdən razı görünürdülər. Onlar bu birliyin baş tutmayacağını düşünənləri topa tutur, guya kimlərinsə qısqanclıq obyektinə çevrildiklərini zənn edirdilər. Uzun çək-çevirdən sonra müxalifətin siftəsi alınmadı.

Əksinə bu təklif Müsavatda şok istefalarla nəticələndi. İsa Qəmbərin ən yaxın dostları Sülhəddin Əkbər, İbrahim İbrahimli partiyanın mövqeyinə etiraz ederək Müsavat sıralarını tərk etdilər. Bununla da “Əli ətə çatmayan pişik” obrazını xatırladan “dostlar”ın birləşməsi xəyalı alt-üst oldu.

Bu baxımdan Rauf bəyin təklifini yeni hesab etmək olmaz. Jurnalistin təklifinə qarşı tərəfin cavabı gecikmədi. Ağızları sütdən yanan cəbhəçilər arasında birləşmə təklifinə dodaq büzənlər də tapıldı.

Onları nə birləşdirir?

Əslində Müsavatla AXCP-ni birləşdirən bir çox cəhətlər var. Hər ikisi radikal müxalifət partiyalarıdır. Demək olar ki, hər iki partiyanın siyasi kursu, mövqeyi, məqsəd məramı eynidir. İstər İctimai Palata çərçivəsində olsun, istər də Milli Şurada onları eyni yol,eyni xətt (nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək istəyi) birləşdirir. Hər iki partiya müxalifətin sağ cinahında təmsil olunurlar. Hətta partiya üzvlərinin çıxışları belə fərqlənmir. Obrazlı şəkildə desək AXCP və Müsavat eyni bətindən dünyaya gələn əkizlərə bənzəyirlər. Xarakterləri fərqli olsa da simaları bənzərdir. Bütün bunlar bir-birini tamamlayırsa nə üçün 20 illin “dostları” birləşə bilmirlər?

Bu sualın çox bəsit cavabı var: şəxsi maraqlar. Siyasi ekspertlər də hesab edirlər ki, partiyaların birləşə bilməməsinin yeganə səbəbi İsa Qəmbərlə Əli Kərimlinin liderlik sevdasıdır.

”Burda mənəm Bağdadda kor xəlifə” deyən Əli Kərimli ilə İsa Qəmbər məhz bu səbəbdən birləşə bilməzlər. Necəki indiyədək bunu bacarmayıblar.

20 ildir ulduzları barışmayan radikal düşərgənin seçkinin acı məğlubiyyətindən ayılmamış birləşməsini düşünmək sadəlövlük olardı.

Nə cənab Kərimli, nə də İsa Qəmbər liderlik postunu kiməsə vermək niyyətində deyillər. Bunu biz yox, tarix göstərir.

Şəxsi maraqlar, liderlik xülyası aşıb-daşan “dostlar”in birləşməsi dünyanın səkkizinci möcüzəsi olardı. Adından da göründüyü kimi möcüzə.

Bu baxımdan Rauf bəy irəli sürdüyü təklifin yaxın gələcəkdə gerçək olmayacağını hamıdan yaxşı bilir. Axı o, onların içini də bilir, çölünü də...

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti