Daş karxanaları ilə bağlı 105 akt prokurorluğa göndərilib

 Daş karxanaları ilə bağlı 105 akt prokurorluğa göndərilib
  08 Noyabr 2018    Oxunub:2743
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Bakı ətrafında yerləşən 208 daş karxanasında monitorinq aparıb və aşkarlanan pozuntularla bağlı 105 akt tərtib edərək prokurorluğa göndərib.
AzVision.az xəbər verir ki, bunu nazirliyin Mineral Xammal, Analitik Elmi və Tədqiqatlar Mərkəzinin direktoru Mürsəl Əliyev deyib.

ETSN rəsmisi bildirib ki, monitorinqin keçirilməsində məqsəd qanunsuz fəaliyyət göstərən daş karxanalarının müəyyən edilməsi və bu sahədə yol verilən pozuntuları aşkarlamaqdır. Onun sözlərinə görə, müasir avadanlıqlarla təchiz olunmayan karxanaların fəaliyyəti ətraf mühitə böyük ziyan vurur:

"Hava qatı zərərli tozlarla örtülür, oksigen çatışmazlığı yaranır, o cümlədən torpaqların üst münbit qatı korlanır. Daş karxanalarının sahibləri fəaliyyətlərini ekoloji prinsiplər əsasında qurmağa çalışmalıdırlar".

Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri İlham Pənahov isə bildirib ki, istifadə edilən avadanlıqların təhlil edilməsi ilə bağlı Bakı şəhərində, həm də ayrı-ayrı bölgələrdə yerləşən daş karxanalarında monitorinqlər aparılıb:

“Daş karxanalarında hazırda istifadə edilən avadanlıqlar sovet dövründə istehsal olunub və vaxtı keçib. Karxanalarda istifadə olunan avadanlıqların çoxu tam aşınıb. Bəzi yerlərdə avadanlıqlar təhlükəsizlik tələblərinə cavab vermir. Heç bir ekoloji tələb gözlənilmir, ekoloji mühitə dəyən zərərin qarşısı alınmasa gələcəkdə vəziyyət daha da pis olacaq".

İ.Pənahov, həmçinin qeyd edib ki, daş karxanalarında elə də çox və çeşidli avadanlıqlara ehtiyac yoxdur: "Karxanalarda 3-4 adda avadanlıq tətbiq olunur ki, onları da günün tələblərinə cavab verən yeni avadanlıqlarla əvəz etmək lazımdır".

Qeyd edək ki, bu gün Əmlak Məsələləri Dövlət Komitəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi" mövzusunda "Dəyirmi masa" keçirilib. Tədbirin keçirilməsində məqsəd daş karxanalarının qanunvericilik prinsipləri əsasında qurulması, fəaliyyətinin genişləndirilməsi, müasir idarəetməyə əsasən yeniliklərin tətbiqidir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: ETSN   Daş-karxanası  





Xəbər lenti