AMEA-nın vitse-prezidenti bəzi məmurları tənqid etdi

AMEA-nın vitse-prezidenti bəzi məmurları tənqid etdi
  07 Noyabr 2018    Oxunub:1958
"Texniki tərəqqinin inkişafından doğan beynəlxalq miqyasda qəbul edilən yeni terminlərlə yanaşı, heç bir xüsusi ehtiyac olmadan dilimizə nüfuz edən yad kəlmələr leksikamızda özünə yol tapmaqdadır"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, müasir gənclik, eyni zamanda bir çox hallarda təcrübəli ziyalılar, yaradıcı qüvvələr, hökumətdə təmsil olunan bəzi məmurlar və kütləvi informasiya vasitələri kənar təsirlər vasitəsilə dil mühitimizə daxil olan həmin sözlərə həssas münasibət göstərərək onları gündəlik danışıq dilinə daxil edirlər.

"Beləliklə, efirdən - ekrandan və sosial mühitdən Azərbaycan dilinin leksik tərkibinə dilimizin ahəng qanununa, qrammatik qaydalarına uyğun gəlməyən kənar sözlər daxil olmaq üçün münasib imkan qazanır. Təəssüf ki, belə lüzumsuz kəlmələr bəzən dərsliklərə də yol tapır, çox asanlıqla məktəb yaşlı uşaqların yaddaşında özünə yer sala bilir. Etiraf etmək lazımdır ki, hətta bəzi müəlliflər öz əsərlərində alınma sözlərdən, mürəkkəb terminologiyadan zəruri olmadan istifadə etməyi savadlılıq əlaməti hesab edirlər".

İ.Həbibbəyli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı 1 noyabr 2018-ci il tarixli fərmanında haqlı olaraq "əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala adi hala çevrilməsi” xüsusi olaraq diqqətə çatdırılıb.

"Halbuki Azərbaycan dilinin zənginlikləri həmin alınma sözlərin və ifadələrin dilimizdəki münasib qarşılığı olan leksik vahidlərlə işlədilməsinə tamamilə imkan verir. Belə olduğu halda yad və kənar sözlərə kütləvi marağın güclənməsi və genişlənməsi Azərbaycan dilinin saflığının qorunması üçün həyəcan təbili çalınmasına böyük zərurət yaradır".

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti