Həmsədrlərin səfəri: Gəldilər, danışdılar, getdilər

Həmsədrlərin səfəri:  Gəldilər, danışdılar, getdilər
  05 Noyabr 2018    Oxunub:1957
ATƏT-in Minsk qrupunun həmsədrləri ötən həftə regionda səfərdə oldular. Onlar əvvəlcə İrəvanda, sonra Xankəndi və Bakıda görüşlər keçirib, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparıblar.

Həmsədrlərin bölgəyə səfəri gözlənildiyi kimi ciddi heç nə ilə yadda qalmadı. Onlar bundan əvvəl olduğu kimi gəldilər, danışdılar və getdilər.
Politoloq Elxan Şahinoğlu həmsədrlərin regiona səfərinin nəticələrini Azvision.az-a şərh edib. Onun fikrincə, həmsədrlərin yeni planı yoxdur. Onlar sadəcə dialoqu davam etdirmək üçün bölgə ölkələrinə gəlmişdilər.

"Həmsdərlər səfər üçün yanlış zaman seçiblər. Çünki Ermənistanda dekabr ayında parlament seçkiləri keçiriləcək. Parlament seçkilərinə qədər Ermənistanda heç bir siyasətçi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara hazır olmayacaq. Ermənistanın baş naziri Nikol Paşinyan həmsədrlərlə görüşsə də, onlara münaqişənin həlli barədə konkret fikir bildirmədi. Paşinyanın lideri olduğu partiyasının parlament seçkilərində qələbə çalacağı ehtimalı böyükdür. O qələbəni əldə etdikdən sonra yeni hökumət formalaşdıracaq və iqtisadi islahatlar proqramını açıqlayacaq. Yəni ən azı 3 ay Paşinyan Qarabağ danışıqlarına hazır deyil.



Buna baxmayaraq, Nikol Paşinyanın Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə şifahi razılaşması yerinə yetirilir. Cəbhə bölgəsində atəşkəs pozulsa da, əvvəlki illərdə olduğu kimi intensiv pozuntu deyil. Bu, Prezident İlham Əliyevin Paşinyana seçki öncəsi jestidir. İlham Əliyev Robert Köçəryanın və ya Serj Sarkisyanın Ermənistanda hakimiyyətə qayıdışını istəmir. Nikol Paşinyan Bakı üçün münasib fiqurdur. Ona görə də İlham Əliyev Nikol Paşinyana parlament seçkisini normal şəraitdə keçirmək üçün şərait yaradır. Ancaq əgər seçkidən sonra Nikol Paşinyan münaqişənin həlliylə bağlı addım atmasa, cəbhə bölgəsində vəziyyət yenidən gərginləşəcək", - deyə E.Şahinoğlu vurğulayıb.

Politoloq, həmçinin diqqətə çatdırıb ki, Rusiya rəsmiləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvandan verdiyi açıqlamaları tənqid etdilər. Onun sözlərinə görə, rusiyalı rəsmilər Boltonu ona görə tənqid etdilər ki, Vaşinqton Ermənistanı Rusiyadan uzaqlaşdırmaq istəyir.

"Əslində Rusiya rəsmilərinin açıqlamaları rəsmi İrəvana xəbərdarlıqdır ki, Ermənistan hakimiyyəti Rusiyadan uzaqlaşmağı düşünməsin. Deputat Zahid Oruc Azərbaycan parlamentində maraqlı fikir səsləndirdi. O dedi ki, Bakı birbaşa İrəvanla danışıqlar aparsın. Həqiqətən ATƏT-in Minsk Qrupu və həmsədrlər 20 ildən çoxdur danışıqlar aparırlar, ancaq nəticə yoxdur. Turistik səfərlər münaqişənin həllini yaxınlaşdırmır. Danışıqları vasitəçisiz birbaşa Ermənistanla davam etdirmək lazımdır. Əlbəttə, bu o demək deyil ki, nəticə olacaq. Ancaq danışıqları birbaşa işğalçı dövlətlə aparmaq lazımdır ki, nəticə olmadıqda məsuliyyət İrəvanın üzərində qalsın".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Həmsədrlər  





Xəbər lenti