“6 saat arxivdə sənədlərə baxdım, onun şəkillərini gördüm” - Müşfiq irsinin araşdırmaçısı

“6 saat arxivdə sənədlərə baxdım, onun şəkillərini gördüm” -  Müşfiq irsinin araşdırmaçısı
  02 Noyabr 2018    Oxunub:7748
“Mikayıl Müşfiqin qohumlarını axtarmağa ehtiyac yoxdur. Onun bacılarından birinin qəbrinin yeri məlumdur. Onun sümüklərinin qalığı əsasında DNK analizini həyata keçirmək olar”
Bunu Azvision.az-a filologiya elmləri namizədi, Mikayıl Müşfiq irsinin araşdırmaçılarından olan Firudin Qurbansoy deyib. Onun sözlərinə görə, repressiya qurbanları barədə arxivlərdə məlumatlar mövcuddur.

Firudin Qurbansoy bildirib: “Onun bacısı Böyükxanımın məzarı məlumdur, 1970-ci ildə dünyasını dəyişib. Sümükdən nümunə götürüb analiz edə bilərlər. Mikayıl Müşfiq 80 il bundan qabaq Azərbaycanda güllələnib. 500 il əvvəl olan hadisə deyil ki, çətin olsun. MTN (İndiki DTX) arxivində güllələnənlərin adları, harada öldürülmələri, kim tərəfindən, hansı şəraitdə olması haqqında məlumatlar var. Onları yaradılan işçi qrupuna, mətbuata vermək olar. Bütün bu məlumatlar niyə açılmır, onu anlamıram.

Mənim eşitdiyimə və bildiyimə görə repressiya qurbanlarını Nargin adasında güllələyib, sonra dənizə atırdılar. Puta qəsəbəsi ilə Nargin adasının ərazisində çox qısa bir məsafə var. Ora qayıqla üzürdülər. Daxili İşlər üzrə Xalq Komisarlığının idarəsindən yeraltı yol ilə dənizə çıxış var idi. Yeraltı yoldan gətirilən məhbusları həmişə iki nəfər qayıqda gözləyirdi. Qayıqda iki nəfər olardı. Biri həmişə guya balıq tutur, digəri isə mürgüləyir. Yearltı yol ilə onlara siqnal verirdilər ki, indi adam gələcək. Bunlar da hazır olurdular. Məhbusu gətirirdilər, 5 nəfər bir qayıqda Narginə üzürdü. Məhbusa 3 güllə açılırdı, axrıncını isə başına vurub, sonra da dənizə atardılar. Köhnə kişilərdən eşitdiyimə görə, boyunlarına ağır daş bağlayırmışlar ki, dənizin dibinə düşsünlər. Ola bilsin ki, çox mötəbər adamları dəfn edirdilər, Müşfiqi də o cümlədən”.



M.Müşfiq haqqında sənədli filmin və bir povestin müəllifi olan F. Qurbansoy onunla bağlı məsələyə həssas yanaşılmasını xahiş edib.

“Mikayıl Müşfiq elə bir adam olub ki, onun adından yalnız şairə layiq insanlar danışmalıdır. Arxivdə Müşfiqin, onun bacısının, həyat yoldaşı Dilbərin sənədləri ilə tanış oldum, 6 saat ərzində üzünü köçürdüm. Müşfiqin imzasını, fotolarını görmüşəm. Əzəmətli bir kişi olub. Ona yalnız hörmət gətirən sözlər deyilməli, onun yaradıclığı ilə yaxından tanış olan adam danışmalıdır”.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Mikayıl-Müşfiq  





Xəbər lenti