Azərbaycan üçün ideal namizəd: Vaşadze, yoxsa Zurabişvili?

Azərbaycan üçün ideal namizəd:  Vaşadze, yoxsa Zurabişvili?
  31 Oktyabr 2018    Oxunub:3383
Gürcüstanda dekabr ayında “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze və “Gürcü arzusu” blokunun dəstəklədiyi bitərəf namizəd Salome Zurabişvili arasında prezident seçkisinin ikinci turu keçiriləcək. İlk turda prezident seçilə bilməyən namizədlərin mübarizəsində kimin qalib gələcəyi maraq doğurur.
Bu iki namizəd arasında Gürcüstan prezidentliyinə daha çox hansı yaxındır?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadzenin prezident olmaq üçün imkanları kifayət qədər yüksəkdir: “Birinci turda “exit-poll” onun 52 faiz səs topladığını bildirmişdi. Bu münasibətlə onu təbrik edənlər də olmuşdu. Amma seçkidə nöqsanlar oldu. İnzibati resurslardan istifadə edən Bidzina İvanaşvilinin komandası əliəyriliyə və “karusel” əməliyyatlarına əl atdı. Bütün bunlara baxmayaraq, xanım Salome Zurabişvilinin imici o qədər aşağı idi ki, hakimiyyətin bütün dəstəyinə rəğmən, çox da uğurlu adlandırıla bilməyəcək səs yığdı. Partiyanın bu qədər az səs toplaması böyük biabırçılıqdır. Nəticə etibarı ilə müxalifətin geniş palitrası daha çox səs topladı. Bununla da müxalifət geniş imkanlara sahib oldu”.



Q.Hüseynli deyib ki, sıravi əhali arasında “Gürcü arzusu”na etimad yoxdur: “Müxalifətin koordinasiya şurası yaradılıb. 10 faizdən artıq səs toplayan keçmiş xarici işlər naziri David Bakradzenin “Avropalı Gürcüstan” partiyası “Vahid Milli Hərəkat” partiyası ilə koalisiya yaradır. Yəni xanım Zurabişvilini müdafiə edən “Gürcü arzusu” partiyasından başqa digər partiyaların hamısı vahid blokda birləşirlər. Bütün bunlar o deməkdir ki, “Gürcü arzusu” bloku indiyə qədər xalqı aldatmaqla böyük nifrət qazanıb. Amma ikinci tura onlar da yeni-yeni variantlar çıxara bilər. Burada Rusiyanın dəstəyi də böyük ola bilər. Məsələn, birinci mərhələdə İvanaşvilinin seçicilərə pul paylaması, xeyli bülletenlərin saxta olması bardə məlumatlar var. Bütün bunların hamısı müxalifətə qarşı çevrilmiş oyunlardır. Amma müxalifət də sakit dayanmayacaq. Birləşmiş müxalifət əhalidə daha böyük ruh yüksəkliyi yaradacaq. Çünki sıravi əhali arasında “Gürcü arzusu” partiyasına demək olar ki, heç bir etimad yoxdur. Buna səbəb İvanaşvilinin yalnız öz siyasi biznesi ilə məşğul olmasıdır. O, bütün bankları ələ keçirib. Əhalinin böyük hissəsi bu banklara borcludur. Ona görə də gürcü xalqı bu sələmçi hökumətdən xilas olmaq istəyir. Güman edirəm Saakaşvili də müəyyən işlər görəcək. Qərbdən dəstəyin gələcəyini söyləmək mümkündür. Demək olar ki, ikinci turda saxtakarlıqlar və digər xoşagəlməz hallar olmasa, Saakaşvilinin partiyası və bütün müxalifət bloku qələbə çalacaq”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Gürcü arzusu” partiyası və hakimiyyəti idarə edən Bidzina İvanişvilinin dəstəklədiyi Salome Zurabişvilinin birinci turda qələbə çala bilməməsinin bir neçə səbəbi var:

“Birincisi, Salome Zurabişvili müsahibələrinin birində dedi ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinin başlamasının səbəbkarı Gürcüstanın keçmiş prezident Mixail Saakaşvili idi. Bu açıqlama Gürcüstanda tənqid olundu. Çünki, Gürcüstan 10 ildir ki, dünyaya sübut etməyə çalışır ki, Rusiya 2008-ci ildə Gürcüstana hücum edib. Zurabişvilinin sözlərindən isə belə çıxdı ki, müharibənin səbəbkarı Gürcüstan olub. Bu açıqlama Gürcüstanın beynəlxalq aləmdə imicinə də zərbə vura bilərdi. İkincisi, Salome Zurabişlvili Gürcüstanda yaşayan ermənilərlə görüşdə Azərbaycanın və Türkiyənin ünvanına xoş olmayan açıqlamalar verdi. Bu açıqlama Gürcüstan azərbaycanlılarının qəzəbinə səbəb oldu. Ona görə də Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti prezident seçkisinin birinci turunda Georgi Vaşadzeyə və David Bakradzeyə səs verdilər. Azərbaycanlıların səsi həlledici oldu. Azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs versəydi, o elə birinci turda prezident seçilərdi. Üçüncüsü, gürcülərin bir hissəsi keçmiş prezident Mixail Saakaşvilini Gürcüstana qayıtmasını istəyir. Ona görə də gürcülərin bir hissəsi Georgi Vaşadzeyə və David Bakradzeyə səs verdilər. Hər ikisi Mixail Saakaşvilinin tərəfdarıdır. Beləliklə, Georgi Vaşadzenin ikinci turda prezident seçilmək şansı yüksəkdir. Çünki prezidentliyə bütün müxalifət namizədləri ikinci turda tərəfdarlarını Georgi Vaşadzeyə dəstək verməyə çağırıblar. Üçüncü yeri tutan David Bakradze birinci turda 10 faiz səs topladı. Bu səslərin bir hissəsi ikinci turda Georgi Vaşadzeyə verilsə, onun prezident seçilməsi təmin olunacaq”



Gürcüstandakı seçkilərlə bağlı düşündürücü suallardan biri də Azərbaycanın bu ölkədə kimi prezident kimi görmək istəməsidir.

Politoloq Qabil Hüseynli düşünür ki, Azərbaycan üçün ən ideal varinat Qriqol Vaşadzedir: “Zurabaşvilinin ermənilər qarşısında çıxış edərkən verdiyi vədləri yada salanda, ümumiyyətlə onun Fransa mənşəli keçmişinə nəzər yetirdikdə demək olar ki, hakimiyyətə gələcəyi təqdirdə ermənilərin dəyirmanına su axıdacaq. Onun azərbaycanlılara qarşı çox etinasız və xoşa gəlməyən münasibəti var. Zənnimcə Azərbaycan üçün ən ideal varinat Qriqol Vaşadzedir. O, hakimiyyətə gələcəyi təqdirdə Gürcüstan tamamilə yenilənə, inqilabi dalğanın yenisi başlaya bilər”.



Politoloq Elxan Şahinoğlu da bu məsələdə həmkarı kimi düşündüyünü qeyd edib: “Georgi Vaşadzenin prezident seçilməsi Azərbaycanın da maraqlarına cavab verir. Georgi Vaşadze və David Bakradze seçki kampaniyası zamanı dəfələrlə Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüblər. Vaşadze və Bakradze Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verirlər. Digər tərəfdən Vaşadze və Bakradzenin Saakaşvili tərəfdarı olmaları da Azərbaycan üçün faydalıdır. Çünki, Azərbaycan hakimiyyətinin, siyasi dairələrinin və cəmiyyətinin Mixail Saakaşviliyə simpatiyası var. Mixail Saakaşvili Gürcüstan prezidenti olduğu illərdə Azərbaycanla strateji münasibətlər qurmuşdu, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli ilə məşğul idi. Azərbaycanda bunu unutmayıblar. Buna baxmayaraq, Gürcüstanda prezident Salome Zubarişvili seçilsə də, Gürcüstan-Azərbaycan münasibətlərində problem olmayacaq. Gürcüstanın Azərbaycana ehtiyacı var. Gürcüstan Azərbaycanın bütün enerji layihələrində iştirak edir, bu layihələrdən maliyyə qazanır. SOCAR Gürcüstanın əsas investorlarındandır. Azərbaycan Gürcüstana ucuz qaz satır. Bütün bunları nəzərə alaraq, Gürcüstanda istənilən prezident və istənilən baş nazir Azərbaycanla strateji əməkdaşlığı qorumaq məcburiyyətindədir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti