Təhsil şöbəsinin binasında hərbi sursat aşkarlanıb

Təhsil şöbəsinin binasında hərbi sursat aşkarlanıb
  27 Oktyabr 2018    Oxunub:2008
Daşkəsəndə 2 mina, 53 patron və 3 ədəd qumbara tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azvision.az-a verilən məlumata görə, oktyabrın 16-da saat 13:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Daşkəsən rayonu ərazisində Təhsil şöbəsinə məxsus keçmiş binanın zirzəmisində müxtəlif növ silah-sursatın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və AnchorDaşkəsən rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən içərisində heç bir partlayıcı maddə olmayan, təlim məqsədli 2 ədəd TM-62M minası, 53 ədəd patron, 1 ədəd F-1 və 2 ədəd RQD-5 əl qumbarası aşkar olunub, məhv edilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim məqsədli hərbi ləvazimatların tapıldığı yerin ətrafında 60 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 26 oktyabr 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, Salyan, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 28 ev və həyətyanı sahəyə, 21 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 2 ferma ərazisinə, 16 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, orta məktəbin və təhsil şöbəsinin zirzəmisinə, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, hava limanı ərazisinə, Yuxarı Qarabağ kanalına, "ADY Container" MMC-nin inzibati ərazisinə, SHXÇDX-nin anbarına, Qarqar çayına, Araz su nasosu stansiyasının yaxınlığına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 5,246 ədəd partlamamış hərbi sursat, 1 ədəd silah, 2 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 392,103 kv.m ərazi yoxlanılıb.

Azvision.az


Teqlər: ANAMA   Daşkəsən  





Xəbər lenti