“Qaçqınlara 36 milyard dollar xərcləmişik” - Türkiyə Ombudsmanı

“Qaçqınlara 36 milyard dollar xərcləmişik” -  Türkiyə Ombudsmanı
  26 Oktyabr 2018    Oxunub:1520
"Azərbaycanda iqtisadi, təhsil və digər sahələrdə olan inkişafı hər gəlişimdə müşahidə edirəm. Azərbaycanla Türkiyə arasında qardaşlıq, mənəvi birlik var"
Azvision.az xəbər verir ki, bunu Türkiyənin İnsan hüquqları üzrə müvəkkili Şərəf Malkoç deyib. O bildirib ki, hər iki ölkənin rəhbərliyi bu birliyi iqtisadi sahədə də davam etdirir:

"Son illərdə Azərbaycan tərəfindən Türkiyəyə 30 milyard dollarlıq investisiya qoyulub. Dostluq başqa ölkələrin əleyhinə deyil. Ədalətin olmadığı yerdə insan hüquqlarının inkişafı mümükün deyil. Dünyada sülh olmasa, ölkə daxilində də sülh olmaz".

Ş.Malkoç bildirib ki, Suriya və İraqdan 5 milyon qaçqın Türkiyəyə gəlib. "Bunu ən yaxşı azərbaycanlılar bilər. Qarabağın ermənilər tərəfindən işğalı nəticəsində 1 milyon insan qaçqın və məcburi köçkün düşüb. Onların problemlərinin həll edilməsi üzərində işlər aparılır. Biz 3 milyonu suriyalı olan qaçqınlara 5 ildə 36 milyard dollar xərcləmişik. Onları pulsuz təhsil, səhiyyə ilə təmin edirik".

Ombudsman, həmçinin qeyd edib ki, BMT Qarabağın işğal altında olmasına dair qərarlar qəbul edib, lakin bunları tətbiq etmir. "Bununla bağlı hər hansı addım atılmır. Amma İsrail Qüdsü paytaxt elan edir. Qüds İsrailin paytaxtı ola bilməz, insanlığın paytaxtıdır. BMT qərar verir, lakin qərarına baxan yoxdur. Dünyada sülhün bərpası üçün BMT yenilənməlidir. Əgər BMT ermənilərin işğal etdiyi torpaqları qaytara bilmirsə və ya fələstinlilərin hüquqlarını qoruya bilmirsə, onun yenilənməsinə ehtiyac var".

Aytən Zəhra
Azvision.az



Teqlər: Türkiyə   Ombudsman  





Xəbər lenti