“Qadınların idarəçilikdə olması vacibdir” - Komitə sədri

  26 Oktyabr 2018    Oxunub : 1446
 “Qadınların idarəçilikdə olması vacibdir” - Komitə sədri
"Dayanıqlı inkişaf mövcud olan resursların bugünkü şəxslər tərəfindən qorunaraq gələcək nəsillərə ötürməkdir. 2030-cu ilədək nəzərdə tutulan hədəflərə nail olmaq üçün bütün ölkələr öhdəlik götürüb".
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Dayanaqlı İnkişafa Dair Bakı Forumunda deyib. O bildirib ki, bu gün Azərbaycan institusional islahatların səmərəliyini artırması, əhalinin keyfiyyətli xidmətlə təmin olunması istiqamətində bir sıra addımlar atıb:

"Yoxsulluğun azaldılması, qidalanmaların yaxşılaşdırılması, hamı üçün təhsil və digər hədəflərə nail olunmasında gender məsələləri əhəmiyyətli rol oynayır. Burada bütün maraqlı tərəflərin iştirakı çox vacibdir. Azərbaycanda güclü hüquqi qanunvericilik bazası yaradılıb. Bu sənədlər cəmiyyətdə qadınların rolunun artırılmasında əhəmiyyətli rol oynayır. Qadınlar və qızların hüquqlarının qorunması üçün geniş imkanlar yaranıb. Bunlar qadınların maarifləndirilməsi üçün real şərait yaradır".

H.Hüseynova bildirib ki, bu gün kənd yerlərində məşğul olan şəxslərin 49,9 faizini qadınlar təşkil edir: "2012-ci ildə qadın sahibkarların çəkisi 17 faiz idisə, 2018-ci ilin əvvəlində bu göstərici 30 faizə çatıb. Bu rəqəmlər artacaq. Qadınların qərarların qəbul olunmasında, idarəçilikdə olması vacibdir. Qadınlar həm də gələcək nəsil yetişdirir. Onlar sağlam təhsilli, güclü olmalıdır ki, böyütdükləri övladlar da güclü olsun. Mövcud stereotiplərin aradan qaldırılması istiqamətində işlər görülməlidir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Qadın   Cəmiyyət