Qoşqar Hacıyevin müalicəsi Mehriban Əliyevanın nəzarətindədir

 Qoşqar Hacıyevin müalicəsi Mehriban Əliyevanın nəzarətindədir
  26 Oktyabr 2018    Oxunub:3476
"Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələrimizə və qazilərimizə göstərdiyi böyük diqqəti ölkəmizdə hamı bilir. Bir çoxları bilməsə də, qeyd etməliyəm ki ağır yaralanmış qazimiz, Qoşqar Hacıyev birbaşa Mehriban xanımın diqqət və qayğısı nəticəsində Türkiyənin "Gülhanə" hərbi hospitalına göndərilmiş və onun müalicəsi birbaşa Mehriban xanımın nəzarəti altında olub. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyilə Qoşqar Gülhanə hərbi hospitalında əməliyyat olunub və 1 il 1 ay müddətində orada qalaraq lazımi müalicələri alıb. Bu müddət ərzində o hər zaman diqqət altında olub və bütün dəstəyi Mehriban xanım göstərib. Bakıya qayıtdıqdan sonra Hərbi Qospitalda müalicəsi davam etdirilib"
Azvision.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə yazıb. Deputat qeyd edib ki, qazi Bakıya qayıtdıqdan sonra Hərbi Qospitalda müalicəsi davam etdirilib:

"Qoşqar ağır yaralıdır və bir müddət əvvəl vəziyyətində yenidən ağırlaşma baş verib və ailəsi bundan çox narahat olub. Vəziyyətin ağırlaşması fonunda bəzi şəxslərin və ya güclərin ailənin narahatlığını dövlət qazisinə sahib çıxmır və s. kimi doğru olmayan, sadəcə düşməni sevindirən məlumatlarla paylaşmasını üzüntü ilə və ciddi narahatlıqla izlədik və ona görə də bunları yazmağı özümə borc bildim. İlk öncə ona görə ki, bu dövlətimizin maraqlarına zərbə olan və düşmən sevindirən addımlardır. İkincisi hər zaman qazimizin yanında olan o insanlara haqsızlıq edildiyini gördüyüm və onların da çıxıb əslində qazimizə hər zaman dəstək olduqlarını söyləməyəcəklərini bildiyim üçün bunları yazıram. Çünki Mehriban xanım və rəhbərlik etdiyi kollektiv şəhid ailələrimiz və qazilərimizə dəstəyi hər zaman özlərinə bir borc sayırlar və bu istiqamətdə gördükləri işlərlə bağlı mətbauata adətən məlumatlar vermirlər. Ona görə də fikirlərimi yazmağı özümə borc bildim.

Əziz dostlar, Qoşqarın vəziyyəti barədə məlumat aldığım zaman Hərbi Qospitala getdik. Qospitalın rəhbəri Tofiq müəllim,ailə üzvlərinin, qazimizin dostlarının iştirakı ilə müzakirələr oldu. Ailəsi qazimizin yenidən qardaş Türkiyəyə göndərilməsini xahiş etdilər. Bu məsələni 1-ci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar müəllimə zəng edib çatdıranda onun dediyi söz "hər zaman qazimizin yanındayıq" oldu. Sonra zəng edərək bildirdi ki, ailəsi narahat olmasın qazimizlə bağlı Mehriban xanım bütün lazımi dəstəyin göstərilməsini söyləyib və bu dəstək göstəriləcək. Gülhanə ilə danışıqlara başlanıldı.

Cəmi bir neçə saat sonra isə qazimizin qardaşı İlqar bəy zəng edərək Qoşqar qardaşımızı Gülhanədə müalicə edən həkimlərin Bakıda EGE Hospitalda çalışdıqları barədə məlumat aldıqlarını və Qoşqar bəyin Türkiyəyə getməsini də məhz bu həkimlər üçün rica etdiklərini bildirərək artıq həmin həkimlər Bakıda çalışırsa, Türkiyəyə ehtiyac yoxdur, EGE Hospitalda həmin həkimlərin nəzarətində müalicə ala bilər dedi. Qoşqar qardaşımız artıq həmin xəstəxanaya köçürülüb. Bu barədə davamlı olaraq Qoşqar bəyin vəziyyəti ilə maraqlanan Anar bəyə məlumat verildi və o, Mehriban xanımın qazimizin müalicəsi ilə bağlı ciddi tapşırıqlar verdiyini, diqqətdə saxladığını və bütün dəstəklərin müalicə dövründə göstəriləcəyini bildirdi. Bu gün EGE Hospitalda həm Qoşqarı ziyarət etdik, həm ailəsi ilə birlikdə Türkiyədən gəlmiş həkimlərlə, xəstəxana rəhbərliyi ilə görüşdük. Mehriban xanımın hər zaman qazilərimizə dəstəyi bizim üçün də örnəkdi dedilər və onun adından rəhbərlik etdiyi qurumun onlarla əlaqə saxladıqlarını, gəlib görüşərək həm qazimizin vəziyyəti ilə maraqlandıqlarını, həm də gərəkən bütün dəstəyin Mehriban xanımın tapşırığı ilə göstəriləcəyini söylədiklərini bildirdilər. Qazimizin əziz anası və bütün ailəsi Mehriban xanımın diqqətindən çox razı qaldılar və təşəkkürlərini söyləməmizi xahiş etdilər. Çox ağır vəziyyətdə olan Qoşqarın vəziyyətində bir az da olsa müsbət irəliləyiş var".

Qeyd edək ki, Q. Hacıyev 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Elə həmin vaxtdan qazinin müalicəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Azvision.az


Teqlər: Mehriban-Əliyeva  





Xəbər lenti