İlham Əliyev bir sıra görüşlər keçirib - Yenilənib

 İlham Əliyev bir sıra görüşlər keçirib -  Yenilənib
  25 Oktyabr 2018    Oxunub:2225
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev ISESCO-nun baş direktoruna Forumda iştirakına və məzmunlu çıxışına görə təşəkkür etdi. Əbdüləziz bin Osman əl-Tuveycri Bakı Humanitar Forumunun beynəlxalq əhəmiyyətindən bəhs edərək bildirdi ki, bu Forum çox gözəl və səmərəli nəticələri olan platformadır. Görüşdə Azərbaycan ilə ISESCO arasında uzun illər ərzində uğurlu, səmərəli əməkdaşlığın qurulduğu qeyd edildi, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.



Prezident İlham Əliyev ISESCO-nun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə davamlı dəstəyinə görə minnətdarlığını bildirdi. Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycanın ISESCO-nun baş konfransına rəhbərlik etdiyi 3 ilə dair baş direktorun hesabatı barədə dövlətimizin başçısına məlumat verdi. Bildirdi ki, ölkəmizin qurumun baş konfransına rəhbərlik etdiyi dövrdə həyata keçirilən uğurlu işlər bu hesabatda əksini tapıb.



Bundan başqa İlham Əliyev Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baronu qəbul edib. Dövlət başçısı xanım Qabriela Barona VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına və orada çıxışına görə minnətdarlığını bildirdi. Xanım Qabriela Baron bu tədbirə dəvət olunduğuna görə təşəkkür edərək Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirdi. O qeyd etdi ki, bu tədbirdə Meksika parlamentinin deputatı olması ilə yanaşı, Parlamentlərarası İttifaqın prezidenti qismində də iştirak etməsi onun üçün böyük önəm daşıyır. Belə ki, bu təşkilat bu ilin dekabrında Azərbaycanda Gənc Parlamentarilərin V Qlobal Konfransının keçirilməsini planlaşdırır. Xanım Qabriela Baron Azərbaycanın bu mühüm tədbirə də ev sahibliyi etməsinə görə minnətdarlığını bildirdi və bunu çox yaxşı təşəbbüs kimi dəyərləndirdi. Söhbət zamanı Bakıda keçirilən Forumun ölkələr və xalqlar arasında əlaqələrin, eləcə də parlamentlərarası əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulandı.



Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESCO-nun baş direktorunun müavini Qu Ksinq ilə görüşüb. Dövlət başçısı UNESCO-nun baş direktorunun müavini Qu Xingin VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirib və bunu Azərbaycan-UNESCO əməkdaşlığının yaxşı nümunəsi kimi dəyərləndirib. Azərbaycan ilə UNESCO əlaqələrinin güclü tərəfdaşlığa və zəngin tarixə malik olduğunu qeyd edən dövlət başçısı uğurlu əməkdaşlığımızın davam etməsindən məmnunluğunu bildirib. Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ötən illər ərzində ölkəmizin tarixi, mədəni abidələrinin, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan tarixi yerlərin ümumbəşəri dəyərlərə çevrilməsi işində UNESCO-nun fəaliyyətini yüksək qiymətləndirir. Dövlət başçısı bildirib ki, bütün bunlar ölkəmizin bu təşkilatla uğurlu əməkdaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev, eyni zamanda Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatların dünyaya yayılması ilə bağlı UNESCO tərəfindən görülən işlərə görə minnətdarlığını bildirib.

Qu Xing, ilk növbədə, UNESCO-nun baş direktoru xanım Odri Azulenin salamlarını dövlət başçısına çatdırıb. O, VI Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyət daşıdığını qeyd edib və bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqla bağlı bu cür tədbirlərin keçirilməsi üçün nümunəvi bir məkandır. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində mühüm nöqtədə yerləşdiyini vurğulayan Qu Xing bu tədbirin Bakıda keçirilməsini önəmli bir hadisə kimi dəyərləndirib. Qonaq bildirib ki, UNESCO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və Azərbaycan dinamik fəaliyyəti ilə bu təşkilatın işinə böyük töhfə verir. Qu Xing, eyni zamanda gələn il Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin konfransının da keçiriləcəyini qeyd edərək bu tədbirin də önəm daşıdığını bildirib. Prezident İlham Əliyev UNESCO-nun baş direktorunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını xanım Odri Azuleyə çatdırmağı xahiş edib.



Dövlət başçısı daha sonra Uruqvay Nümayəndələr Palatasının sədrini qəbul edib. Dövlətimizin başçısı Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandininin VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsindən məmnunluğunu ifadə etdi və bildirdi ki, onun bu tədbirdə iştirakı Uruqvayın həm Foruma verdiyi dəstəyin əlamətidir, həm də ikitərəfli münasibətlərimizin inkişafına olan marağının göstəricisidir. Prezident İlham Əliyev Uruqvayın Forumda yüksək səviyyədə təmsil olunmasını əməkdaşlığımızın gözəl təzahürü kimi qiymətləndirdi. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimizi bir-birinə dostluq əlaqələri bağlayır, yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələri daha da gücləndirir. Azərbaycan xarici işlər nazirinin Uruqvaya səfər etdiyini qeyd edən Prezident İlham Əliyev bu səfərlərin əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparmaq üçün böyük əhəmiyyət daşıdığını dedi. Qarşılıqlı səfərlərin əməkdaşlığımızın gələcəyinin müəyyənləşdirilməsi baxımından böyük önəm daşıdığını vurğulayan dövlətimizin başçısı Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandininin ölkəmizə bu səfəri zamanı ikitərəfli əlaqələrin inkişafı ilə bağlı geniş fikir mübadiləsinin aparılacağına əminliyini bildirdi.

Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandini VI Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə dövlətimizin başçısına minnətdarlıq etdi. O, Forumun uzun illərdir ki, mütəmadi olaraq yüksək səviyyədə keçirildiyini dedi və bu münasibətlə təbriklərini çatdırdı. Öz növbəsində, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Xorxe Qandini bu cür səfərlərin əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparmaq üçün geniş imkanlar yaratdığını vurğuladı.



İlham Əliyev Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanı da qəbul edib. Dövlətimizin başçısı Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkaya VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirdi və onun səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Sloveniya Milli Şurasının sədri Aloyz Kovşka ölkələrimiz arasında hələ keçmişdən çox yaxşı əlaqələrin mövcud olduğunu dedi və bildirdi ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlar var. O, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq doğuran sahələrin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi apardığını və gələcəkdə bu istiqamətdə işlərin görüləcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı, öz növbəsində, Azərbaycan ilə Sloveniya arasında əlaqələrin uğurla inkişaf etdiyini dedi, əlaqələrimizin inkişafında prezidentlər səviyyəsində qarşılıqlı rəsmi səfərlərin önəmini qeyd etdi və özünün Sloveniyaya rəsmi səfərini məmnunluqla xatırladı. İkitərəfli əlaqələrimizin daha da genişləndirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlıq sahələrinin müəyyənləşdirilməsinin əhəmiyyətinə toxundu və bu baxımdan qarşılıqlı ticarətin səviyyəsinin artırılmasının vacibliyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, hər iki ölkədən olan şirkətlər Azərbaycan ilə Sloveniya arasındakı mövcud yaxşı siyasi mühitdən faydalanaraq öz fəaliyyətlərini daha da genişləndirə bilərlər.

Sloveniyada səfərdə olarkən orada Mehdi Hüseynzadənin memorialını ziyarət etdiyini məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında humanitar əməkdaşlığın və eləcə də çox mühüm əhəmiyyət daşıyan turizmin inkişaf etdirilməsi üçün də yaxşı perspektivlərin olduğunu bildirdi.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti