“Əzrayılla qaçdı-tutdu oynayırıq” - Bayıldan REPORTAJ (FOTOLAR)
Azvision.az-ın əməkdaşları Buxta küçəsinə baş çəkərək vəziyyətlə yerində tanış olublar.
“İndiki vəziyyətdə evsiz qalmaq çətin məsələdir. Evlərimizin aqibəti bizi çox narahat edir. Qonşunun divarının bir tərəfi yoxdur. Bu, o deməkdir ki, təhlükə evimizin içindədir. Elə hesab edin ki, əzrayılla qaçdı-tutdu oynayırıq. Necə olacaq, hara gedəcəyik bilmirəm. Evi uçanlar qohumlarında, tanışlarında qalırlar. Hər kəs hökumətdən cavab gözləyir. İndiki halda harasa gedib, öz pulumuzla ev tikə bilmərik, buna maddi imkanımız çatmır”, - deyə Bayıl sakinləri bildiriblər.
Evləri sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən mənzil sakinlərini narahat edən məslələrdən biri də kompensasiyadır.
“Dağılan evlərimizə görə bizə kompensasiyanın veriləcəyi barədə heç bir məlumat verilməyib. Ümumiyyətlə, veriləcəkmi? Heç nə bilmirik. Hər gün kimsə evlərə baxıb gedir. Burada heç kim uçqundan, sürüşmədən sığortalanmayıb. Ölümlə üz-üzə yaşayırıq. Bu gün qonşunun evi uçdusa, sabah bizdə uçacaq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə bildirib ki, Buxta küçəsi riskli ərazi kimi konturlaşdırılıb. Ərazidə relyefin mayilliyi təxminən 40 dərəcəyə çatır. Əvvəldən yamac terrasvari kəsilərək boş torpağın üzərində evlər tikilib. Ərazidə bir evin arxa divarı növbəti evin istinad divarı rolunu oynayır. Bu səbəbdən evlər təhlükədədir.
Şahanə Rəhimli
Foto: Şahin Sərdarov
Azvision.az