“Könüllülər dayanıqlı cəmiyyət formalaşdırırlar” mövzusunda müsabiqə keçiriləcək

  15 Oktyabr 2018    Oxunub : 469
“Könüllülər dayanıqlı cəmiyyət formalaşdırırlar” mövzusunda müsabiqə keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, o cümlədən BMT-nin Könüllülər Proqramı, ADA Universiteti və “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə “Könüllülər dayanıqlı cəmiyyət formalaşdırırlar” mövzusunda müsabiqə keçiriləcək.
AzVision.az xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.7.5-ci yarımbəndinə əsasən gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsidir. Həmçinin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə birgə tədbirlərin gücləndirilməsi və könüllülük fəaliyyətinin təbliğidir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər öz fəaliyyətlərini ifadə edən hekayə, şəkil, video olmaqla 3 kateqoriyadan biri üzrə müraciət edə bilərlər.

Münsiflər heyəti tərəfindən dəyərləndirilən 10 ən yaxşı müraciət seçiləcək. Əsas meyarlar kimi isə müraciətin könüllülük fəaliyyəti ilə bağlılığı, aydınlığı, keyfiyyəti, orijinallığı və kreativliyi, həmçinin ümumi bədii təəssürat, auditoriyaya çatdırılan mesaj nəzərə alınacaq.

Müraciətlərin qəbulu 10 noyabr tarixinədək davam edəcək və qaliblər 5 dekabr tarixində “Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş Forumda mükafatlandırılacaqlar.
Müsabiqənin qalibləri üçün mükafat fondu nəzərdə tutulub.

Ətraflı məlumat: bkg2018.asanschool.az

AzVision.az

Teqlər: ASAN