“Sürüşmə zonasında yerləşən evlər söküləcək” - Hacıbala Abutalıbov

“Sürüşmə zonasında yerləşən evlər söküləcək” - Hacıbala Abutalıbov
  13 Oktyabr 2018    Oxunub:2372
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Respublika Seysmoloji Xidmət Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin verəcəyi tələblərə əməl olunacaq"
AzVision.az xəbər verir ki, bunu sürüşmə zonasında bundan sonra görüləcək işlərlə bağlı jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

"Çalışmaq lazımdır ki, bu evlərdə yaşayış olmasın. Ya buraya kanalizasiya sistemi çəkilməlidir, ya da burada yaşayan əhali köçürülməlidir. Onları köçürmüşük və demişik ki, burada yaşamaq qadağandır. Sürüşmə zonasında olan obyektlər bağlanıb" , - deyə H.Abutalıbov bildirib.

Baş nazirin müavini qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 24 metr dərinliyində sütunlar vurulmasaydı, daha böyük fəlakətlər olardı. Onun sözlərinə görə, sütunlar da sürüşməyə başlayıb.

H.Abutalıbov, həmçinin vurğulayıb ki, sürüşmə zonasında yerləşən evlər və obyektlər söküləcək.

Qeyd edək ki, Bakı şəhərinin Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) sürüşmə baş verib. Sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bayıl   Sürüşmə   Hacıbala-Abutalıbov  





Xəbər lenti