Abutalıbov sürüşmə ərazisində: “Vəziyyət gərgindir”

Abutalıbov sürüşmə ərazisində: “Vəziyyət gərgindir”
  13 Oktyabr 2018    Oxunub:2690
"Badamdar yolunun yuxarı hissəsində vəziyyət gərgindir. Sürüşmə indi də davam edir".
AzVision.az-ın məlumatına görə, bunu sürüşmə zonasında jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib. O, bildirib ki, Badamdar qəsəbəsində, demək olar, kanalizasiya sistemi yoxdur.

"Dünən müvafiq qurumların rəhbərlikləri ilə müzakirələr apardıq və qərara gəldik ki, yuxarı hissədəki evlərin heç birində yaşayış olmamalıdır. Yolun aşağı hissəsindəki restoran və çayxana fəaliyyəti dayandırılıb, çünki bu obyektlər tamamilə sürüşmə zonasındadır”.

H.Abutalıbov torpaq sürüşməsi baş verən ərazidə yol hərəkətinin dayandırıldığını qeyd edib: "Bakı Nəqliyyat Agentliyinə göstəriş verilib ki, sərnişin avtobuslarının hərəkətini tamamilə başqa istiqamətə yönəltsinlər. Böyük yarğanlar əmələ gəlib, yarğanların dərinliyi 4-6 metrdir, su ilə doludur. Su ilə gil sürüşmənin əsas şərtidir. Biz əlimizdən gələni edirik və xüsusi nəzarətdə saxlayırıq ki, hər hansı bir fəlakət olmasın”.

Qeyd edək ki, Bakı şəhərinin Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) sürüşmə baş verib. Sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: Hacıbala-Abutalıbov   Bayıl  





Xəbər lenti