Zakir Həsənov Özbəkistan prezidentinin qəbulunda
Özbəkistan Prezidenti qonaqları salamlayaraq bildirib ki, MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası Daşkənddə birinci dəfədir keçirilir. Bu, onu göstərir ki, MDB-nin fəaliyyətində Özbəkistan yeni mərhələnin əsasını qoyub.
Dövlət başçısı bildirib ki, ötən il Özbəkistan MDB ölkələri ilə iqtisadiyyat, energetika, elm, innovasiya, cinayətkarlıqla mübarizə və digər sahələrdə fəal əməkdaşlıq edib.
Görüşdə MDB ölkələri arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Bu sahədə ikitərəfli və çoxtərəfli tədbirlərin keçirilməsi, peşəkar hərbi kadrların hazırlanması məsələləri də diqqət mərkəzində olub.
Qəbulda beynəlxalq və regional məsələlər, təhlükəsizliyin və sabitliyin qorunması ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Çıxış edən nazirlər ölkələrinin dövlət başçılarının salamlarını və xoş arzularını Prezident Şavkat Mirziyoyevə çatdırıblar. Onlar Özbəkistanda bütün sahələrdə həyata keçirilən islahatları, həmçinin Silahlı Qüvvələrin modernləşdirilməsi, regionda təhlükəsizliyin, sabitliyin qorunmasını yüksək qiymətləndiriblər.
AzVision.az
Teqlər: Zakir-Həsənov Müdafiə-Nazirliyi Özbəkistan