Baltik forumunun yekun sənədində Azərbaycanın mövqeyi əks olunub

Baltik forumunun yekun sənədində Azərbaycanın mövqeyi əks olunub
  27 Oktyabr 2013    Oxunub:945
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu gün Yurmalada “Avrasiyada transformasiya: müasir dövrün çağırışlarına adekvat cavablar axtarışı” mövzusuna həsr olunmuş “Baltik forumu” illik beynəlxalq konfransı işini davam etdirib.
Forumun ikinci günü qeyd edildi ki, son dərəcə qeyri-sabit olan müasir dünyada ayrı-ayrı dövlətlərin Avropa-Atlantik təhlükəsizliyinin təmin olunması ümumi müzakirə üçün mühüm və aktual məsələlərdən biri olaraq qalır.

Milli Məclisin deputatı, Azərbaycan-Latviya Parlamentlərarası Dostluq Qrupunun sədri Rövşən Rzayev “Cənubi Qafqazda gedən proseslərlə əlaqədar regionun təhlükəsizliyinə bəzi təhdidlər” mövzusunda məruzə ilə çıxış edib. Deputat bildirib ki, yaxın Şərqdə və Şimali Afrikada baş verən hadisələr bu dövlətlərin vətəndaşlarının başqa ölkələrə, o cümlədən Azərbaycana kütləvi miqrasiyası problemini yaradıb. Azərbaycan Dağlıq Qarabağda Suriya qaçqınlarının yerləşdirilməsindən narahatdır. İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət də regionun təhlükəsizliyi üçün qorxu yaradır. Qeyd edilib ki, Azərbaycan beynəlxalq antiterror kampaniyasının müvəffəqiyyətlə həyata keçirilməsinə kömək göstərir.

R.Rzayev Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, Azərbaycan dövləti ölkənin Dağlıq Qarabağ bölgəsi ətrafında Ermənistanın başladığı münaqişənin həll olunmaması fonunda beynəlxalq terrorizm və dini ekstremizm təhlükələrinə qarşı hər gün mübarizə aparır. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılması məsələsində destruktiv mövqe tutmaqda davam edir.

Azərbaycan deputatı qeyd edib ki, Dağlıq Qarabağın hər iki icması arasında konstruktiv dialoq aparılmasına kömək göstərilməsində beynəlxalq birliyin iştirakı Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaranmış mövcud problemlərin həlli sahəsində səmərəli tədbirlərdən biri ola bilərdi. Belə dialoq xalqlar arasında düşmənçilik və qəzəb atmosferini aradan qaldırmağa, münaqişənin nizama salınması üçün qarşılıqlı məqbul şərtlərin axtarışı üzrə danışıqlar prosesini davam etdirmək üçün əlverişli şərait yaratmağa imkan verərdi.

Forumun axırıncı günü yekun sənəd qəbul edildi. Sənəddə Milli Məclis deputatlarının çıxışları əsasında Azərbaycanın mövqeyi əks olundu.

Həmin gün səfər çərçivəsində Milli Məclisin deputatı Çingiz Əsədullayev bir sıra ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanın iqtisadi inkişaf perspektivləri barədə məlumat verilib. Deputat deyib ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ilədək öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq, ixracat yönümlü, rəqabət qabiliyyətli, yüksək məhsuldar iqtisadiyyata çevriləcək.


Teqlər:





Xəbər lenti