Badamdarda sürüşmə aktivləşib - İri çatlar yaranıb

Badamdarda sürüşmə aktivləşib - İri çatlar yaranıb
  12 Oktyabr 2018    Oxunub:4942
Bakı şəhəri, Səbail rayonu ərazisində - Badamdar şossesinin (20-ci sahə-Badamdarı birləşdirən yol) sol hissəsində yamacda sürüşmə aktivləşib. Yol boyu 150 metrə yaxın olan istinad divarının çox hissəsində çatlar yaranıb və bəzi yerlərdə divar 1 metrə qədər irəli gəlib.
Bu barədə AzVision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Onun sözlərinə görə, hazırda sürüşmə aktiv fazadadır və proses davam edir.

“Həmin ərazi sürüşməyə meyilli ərazidir. Tərtib etdiyimiz və Nazirlər Kabineti tərəfindən təsdiq olunan Atlaslar toplusunda da ərazi qeyd olunub. Orada 2012-ci ildə sürüşmə baş verib. Həmin sürüşmənin eni təxminən 220 metrə yaxın, uzunluğu 250 metr idi. Blokvari sürüşmə prosesi olmuşdu. 2012-ci ildə orada müəyyən terrasvari hamarlama işləri görüldü və 150 metr uzunluğunda istinad divarı çəkildi. Oktyabrın ayının əvvəlində apardığımız monitorinqlər zamanı müşahidə etdik ki, ərazidə gərginlik hiss olunur və yazılı şəkildə Nazirlər Kabinetinə, müvafiq orqanlara məlumat verilib".

Qurum rəsmisi qeyd edib ki, istinad divarları bir neçə yerdən aralanıb: "Elə yerlər var ki, 1 metrə yaxın qabağa gəlib. Terraslar olan aşağı hissədə xırda gölməçələr yaranıb və sürüşmə aktiv fazadadır. Hazırda ərazidə dövlət orqanları işləyir. Suyun verilməsi dayandırılıb, əraziyə giriş də məhdudlaşdırılıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN   Sürüşmə  





Xəbər lenti