“Hamı bu işdə bizə dəstək olmalıdır” - Nazirlik rəsmisi

“Hamı bu işdə bizə dəstək olmalıdır” - Nazirlik rəsmisi
  11 Oktyabr 2018    Oxunub:3099
"Ölkə ərazisində yaşıllıqların mühafizəsi və qorunması olduqca vacibdir və prioritet məsələ kimi daim gündəlikdədir"
AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O, bildirib ki, nazirlik tərəfindən bununla bağlı sərt tədbirlər görülür: "Lakin ağac kəsintisinin tam aradan qaldırılması üçün hər kəsin bu işdə bizə yardımçı və dəstək olmasını gözləyirik. Hesab edirik ki, nazirlik tərəfindən görülən tədbirlərlə yanaşı, təbiətə, yaşıllığa ziyan vuranların cəmiyyət tərəfindən də qınaq obyektinə çevrilməsi, tənbeh olunması davam etdirilməlidir. Çünki çox vaxt ictimai tənbeh inzibati tədbirlərdən daha təsirli olur. Nazirlik ağacların kəsilməsini, yaşıllıqlara göstərilən biganə münasibəti təkidlə pisləyir və təbiətə ziyan vuranlara qarşı bundan sonra da qəti və barışmaz mövqe nümayiş etdirəcək".



Nazirlik rəsmisi qeyd edib ki, son vaxtlar görülən tədbirlərin müəyyən nəticəsi var. Aparılan statistika və müşahidələr göstərir ki, son aylarda respublika ərazisində ağac kəsintisi faktları xeyli azalıb.

Onun sözlərinə görə, bu tendensiya, həm meşə sahələrində, həm də yaşıllıq massivlərində müşahidə olunur. "Ağac kəsintisi hallarının azalması nazirliyin sərt və qətiyyətli mövqe nümayiş etdirməsi ilə bərabər, eyni zamanda vətəndaşların, ictimaiyyət nümayəndələrinin və media orqanlarının da fəallığı ilə əlaqədardır".

Aytən Zəhra
Foto: Şahin Sərdarov

AzVision.az


Teqlər: ETSN   Nazirlik   İradə-İbrahimova  





Xəbər lenti