BMT-dən cins nisbətinin pozulması ilə bağlı Azərbaycana xəbərdarlıq - Video

BMT-dən cins nisbətinin pozulması ilə bağlı Azərbaycana xəbərdarlıq - Video
  11 Oktyabr 2018    Oxunub:1255
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi Beynəlxalq Qız övladları günü münasibətilə cinsə görə edilən abortlara qarşı yönəlmiş “404:Not Found” adlı video-çarx hazırlayıb.
AzVision.az xəbər verir ki, video-çarxda qızlara dünyaya gəlmək şansı verildiyi təqdirdə onların cəmiyyətə nə qədər töhfə verə biləcəyinə dair fikirlər əksini tapıb. Eyni zamanda selektiv abortların gender əsaslı ayrı-seçkilik nəticəsində qadınların cəmiyyətdə iştirakını məhdudlaşdıran stereotiplərdən qaynaqlandığı vurğulanıb.

Qeyd edək ki, 11 oktyabr Beynəlxalq Qız övladları günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə 2012-ci ildən təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və digər imkanların müyəssərliyinin, eyni zamanda cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyin məlumatına görə, doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, məhz bu münasibət nəticəsində Azərbaycanda bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin təcrübəsinə nəzər salsaq aydın olar ki, bu gedişatla Azərbaycan cəmiyyəti qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə bilər.

Bunu nəzərə alaraq, BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən abortların qarşısının alınması məqsədilə bir sıra layihələr həyata keçirir. Bu layihələrə ölkədə ilk dəfə olaraq əsas auditoriya qismində məhz gənc kişi və atalar cəlb olunur. Sözügedən layihələrin uğurlu icrası məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də əsas tərəfdaşlar kimi yaxından iştirak edərək bu təşəbbüslərə əhəmiyyətli dəstək verirlər.



AzVision.az


Teqlər: BMT   Azərbaycan  





Xəbər lenti