Nazirlik şəhid ailələrinin ödəmələrlə bağlı şikayətinə aydınlıq gətirib

Nazirlik şəhid ailələrinin ödəmələrlə bağlı şikayətinə aydınlıq gətirib
  11 Oktyabr 2018    Oxunub:3276
Oktyabrın 9-dan etibarən 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı prosedur başlayıb.
İlk növbədə hərbi qulluqçuların ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında (www.mlspp.gov.az) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlamalıdır.

Lakin bəzi ailələr iddia edirlər ki, indiyədək sığorta haqqı almadıqları halda, sistemdə onların ödəmə aldığına dair məlumat çıxır. Belə ki, sistemdə hərbi qulluqçunun adı yazıldıqdan sonra “hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəmə almaq hüququ yoxdur” -deyə məlumat yer alır. Qeyd edilir ki, Dövlət Sığorta Kommersiya Təşkilatı tərəfindən təqdim olunmuş məlumatlara əsasən, hərbi qulluqçunun vərəsəsinə (vərəsələrinə) müvafiq sığorta ödənişi həyata keçirilib.

Hərbi qulluqçuların ailələri isə həmin ödənişi almadıqlarını bildirirlər. Bəzi ailələr isə onlara torpaq sahəsinin verildiyini deyirlər. Lakin onlar bunun sığorta ödənişi olub-olmadığını dəqiq bilmirlər.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı AzVision.az-a bildirib ki, nazirliyə Dövlət Sığorta Kommersiya Təşkilatı tərəfindən sığorta ödənişi edilmiş hərbi qulluqçuların siyahısı təqdim edilib və həmin siyahıya əsasən məlumatlar sistemə daxil edilib.

“Əgər sisem tərəfindən həmin hərbi qulluqçunun ailəsinə Dövlət Sığorta Kommersiya Təşkilatı tərəfindən sığorta ödənişinin verilməsinə dair məlumat çıxırsa, o zaman vətəndaşlar Dövlət Sığorta Kommersiya Təşkilatına müraciət edib, məsələni araşdırsınlar. Kiminsə torpaq alması barədə məlumatı da həmin ailələr Təşkilatdan dəqiqləşdirilməlidirlər”, - deyə F.Talıblı vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: ƏƏSMN   Nazirlik   Hərbi-Qulluqçu  





Xəbər lenti