“Avropa Şurasının hansı gələcəyi ola bilər?” - Səməd Seyidov

  10 Oktyabr 2018    Oxunub : 555
“Avropa Şurasının hansı gələcəyi ola bilər?” - Səməd Seyidov
"Bu müzakirələrin təkcə Avropa Şurasının gələcəyi deyil, eyni zamanda, üzləşdiyimiz böhrandan çıxışa dair müzakirələr olması ilə bağlı həmkarlarımın fikrini bölüşürəm. Biz indiki vəziyyəti bilərək təhlil etməli və hansı istiqamətdə gedəcəyimizi müəyyənləşdirməliyik. Çox vaxt prosedurların dəyişməsi və maliyyə böhranının həllinin bu vəziyyətdən çıxmaq imkanı olması ilə bağlı fikirlər eşidirik".
Bu sözləri AŞPA-nın payız sessiyası çərçivəsində “Avropa Şurasının gələcəyi” mövzusuna həsr edilmiş müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

Səməd Seyidov qeyd edib ki, Şuranın gələcəyi deyəndə təkcə prosedurlar və maliyyə səbəblərini deyil, eyni zamanda, dəyərləri və münasibətləri düşünməliyik. Məncə üzləşdiyimiz böhran bu son iki amildən irəli gəlir.

“Üzvü olduğumuz bu təşkilata nəzər saldıqda onun 8 üzv ölkəsinin bir-biri ilə müharibədə olduğunu görürük. Belə bir təşkilatın gələcəyini təsəvvür edə bilərsinizmi? Üzvləri bir-biri ilə mübarizə aparan bu təşkilatın gələcəyini necə təsəvvür etmək olar? Bu, çox çətin vəziyyətdir. Təsəvvür edə bilərsinizmi ki, 14 üzvü daim ciddi monitorinq altında olan və digər üzvləri “köhnə demokratiya” adı altında fərqli davranışa malik olan təşkilatın hansı gələcəyi ola bilər?”, - deyə S.Seyidov bildirib.

Nümayəndə heyətinin rəhbəri deyib ki, gələcək haqqında düşünmək üçün dərhal yeni komitə və ya xüsusi ad hoc qrup yaradılmalıdır. Bu böhrandan necə çıxmağa, bütün 47 üzv dövlət üçün qəbul edilə bilən ideyalara baxılmalıdır. Yalnız bu yolla üzvlər bir yerdə ola bilər. Əks təqdirdə, bu təşkilatın gələcəyi böyük sual altında olacaq.

“Ancaq ümid edirəm ki, gələcəyimizi müəyyən etməyə qadirik. Malik olduğumuz çox məhdud vaxt bizə bir-birimizi başa düşməyə, dinləməyə, bir-birimizə qarşılıqlı hörmət etməyə imkan verəcək və gələcəyimizi təmin edə biləcəyik”, - deyə S.Seyidov diqqətə çatdırıb. (AzərTAc)

AzVision.az

Teqlər: Səməd-Seyidov   AŞPA