Dini icmalara şəhadətnamələr təqdim edilib

Dini icmalara şəhadətnamələr təqdim edilib
  09 Oktyabr 2018    Oxunub:1397
Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 26 dini icmaya şəhadətnamələr təqdim edilib.
Komitədən AzVision.az-a verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edib. Vurğulayıb ki, Azərbaycanda dövlət tərəfindən din sahəsinə diqqət və qayğı hər zaman özünü büruzə verir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamı kimi Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına, yüksək tolerantlıq mühitinin və dini dözümlülüyün gücləndirilməsinə xüsusi diqqət ayırır. Eyni zamanda, ölkəmizdə dini ibadətgahların inşasına və yenidən qurulmasına önəm verilir, mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır.

Milli-mənəvi dəyərlərimizin düzgün şəkildə gənclərə çatdırılmasının önəminə toxunan S.Salahlı bu məqsədlə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətində ölkədə mövcud dini konfessiyaların dəstəklənməsinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Dini icma sədrlərinə müvafiq tövsiyələrini verən Komitə sədrinin birinci müavini icmaları xalqımızın gen yaddaşından gələn tolerant və multikultural ənənələrin yaşadılmasında, gələcək nəsillərə ötürülməsində, eləcə də dini radikalizmə qarşı mübarizədə və dini maarifləndirmə prosesində fəal olmağa çağırıb.

Daha sonra çıxış edən Şamaxı rayonu Dəmirçi kənd məscidi dini icmasının sədri Nəbi İsgəndərov vətəndaşların vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluğunu ifadə edib. Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

AzVision.az


Teqlər: Komitə   Dini-İcma  





Xəbər lenti