Palata “Bakı Metropoliteni”ndə nöqsanlar aşkarladı

Palata “Bakı Metropoliteni”ndə nöqsanlar aşkarladı
  06 Oktyabr 2018    Oxunub:2414
Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə “Bakı Metropoliteni” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
AzVision.az Palataya istinadən xəbər verir ki, audit Cəmiyyətin idarə aparatında və seçmə qaydada tabeli idarələrində həyata keçirilib və ümumilikdə 561 153,7 min manat məbləğində vəsaiti əhatə edib.

Cəmiyyət tərəfindən 2017-ci il üzrə dövlət büdcəsi vəsaitlərinə proqnoz təqdim edilərkən əsas fəaliyyəti üzrə daşınan sərnişinlərin sayındakı artımın gəlirlərə və dəyişən xərclərə təsiri nəzərə alınmayıb, büdcə xərclərinin təsnifatının tələblərinə uyğun olmayaraq Cəmiyyətin fəaliyyətində yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya şəklində ayrılmalı olan vəsaitlər başqa paraqraflarda nəzərdə tutulub.

Cəmiyyətin istismar və investisiya xərcləri üzrə bir sıra müqavilələrin bağlanılması və icrası prosesində uyğunsuzluqlara yol verilib, 4 halda müqavilə üzrə bank zəmanətlərinə əsasən 2016-cı ildə vəsaitlərin köçürülməsinə baxmayaraq müvafiq mallar idxal edilməyib və debitor borcların bağlanılması istiqamətində zəruri tədbirlər görülməyib, bir halda kreditor borc tanınmadan ödənilib, Vergi Məcəlləsinə uyğun olmayaraq bir neçə halda ƏDV məbləği artıq əvəzləşdirilib, 2017-ci ildə qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə məbləğinin vergi orqanına təqdim edilən ƏDV bəyannamələrində azaldılması hesabına büdcəyə ödənilməli ƏDV məbləği büdcəyə köçürülməyib, stansiyaların ərazisində dövlət əmlakından istifadəyə görə icarə haqqının hesablanılıb alınması üzrə Cəmiyyət tərəfindən müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırılmayıb, 2016-cı ilin yekunları üzrə mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərclərinin tərkibində enerji xərcləri düzgün göstərilməəyib, bəzi xərclər gəlirdən çıxılan xərclərə daxil edilib, maya dəyərinin artırılması hallarına yol verilib, balans zərəri artırılıb, daxili audit xidməti formalaşdırılmayıb.

Audit dövründə dövlət satınalmaları keçirilərkən müvafiq bildirişlər dərc edilməyib, müqavilə haqqında məlumatlar rəsmi internet saytında yerləşdirilməyib, kotirovka sorğusu prosedurları keçirilərkən müvafiq Təlimatın tələblərinə əməl olunmayaraq şərtlər toplusu təsdiq edilməyib, potensial imkanı olan malgöndərənlərin siyahısı tərtib edilməyib, mallar (işlər və xidmətlər) satın alınarkən satınalma metodundan istifadə edilmədən müqavilələr bağlanılıb və icraçılardan satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı alınmayıb, keçirilmiş kotirovka sorğuları üzrə yekun protokolların surətləri müvafiq icra hakimiyyəti orqanına təqdim olunmayıb, satınalma prosedurlarına dair sənədlər toplusu tam hazırlanmayıb, iddiaçılar tərəfindən ixtisas göstəricilərinə dair sənədlər tam təqdim olunmayıb və müqavilənin yerinə yetirilməsi təminatı alınmayıb.

Təmiri və tikintisi həyata keçirilmiş obyektlərin bütövlükdə layihə-smeta sənədləri ekspertiza olunması üçün aidiyyəti üzrə vaxtında təqdim edilməyib və müvafiq rəylər tam alınmamış, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş 24 tədbirdən 19 tədbir üzrə işlər başa çatdırılmayıb, “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nin həyata keçirilməsi məqsədilə “Bakı Metropoliteninin 2016-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın layihəsinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla təsdiq edilməsi təmin edilməyib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul edib, “Bakı Metropoliteni” QSC-də yol verilmiş nöqsanların aradan qaldırılması,o cümlədən Metropolitenə məxsus dövlət əmlakından istifadənin səmərəliliyini artırmaqla əlavə gəlirlərin əldə olunması imkanlarından tam istifadə edilməsi, Cəmiyyətin istismar fəaliyyəti üzrə əmək haqqı və əmək haqqına bərabər tutulan ödəmələrin Əmək Məcəlləsinin və bu sahəni tənzimləyən digər qanunvericilik aktlarının tələbləri əsasında hesablanılıb ödənilməsi, Metropolitenin fəaliyyəti, o cümlədən istismar və tikinti sahələri üzrə fəaliyyətin təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması, nəticəliliyinin artırılması, xüsusilə sərnişindaşıma xidmətinin keyfiyyətinin, eləcə də təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizatın təmin edilməsi, səmərəsiz xərclərin qarşısının alınması, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmiş, Qərarın surəti müvafiq qaydada icra edilməsi üçün “Bakı Metropoliteni” QSC-yə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

AzVision.az


Teqlər: Hesablama-Palata   Metro  





Xəbər lenti