Müəllimlərə güzəştli ipoteka kreditləri verilsin! - Təklif

  05 Oktyabr 2018    Oxunub : 1538
Müəllimlərə güzəştli ipoteka kreditləri verilsin! - Təklif
“Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Ev almaq və tikmək onlar üçün çox çətindir”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şərtlər ağır olduğu üçün müəllimlər ipoteka kreditlərindən yararlana bilmirlər: “İpoteka kreditləri,o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var. Amma bu layihənin şərtlərinə görə ondan yalnız 35 yaşdan az yaşı olan müəllimlər, gənc ailələr yararlana biləcəklər. Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm.

Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması və.s şərtlər əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər”.

Deputat bildirib ki, orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var: “Onların da güşətli ipotekadan güzəştli qaydada yararlana bilən qrupa daxil edilməsinə böyük ehtiyac var. Məsələn 20 ilə yaxın və ondan çox iş stajı olan müəllimlərin güzəştli ipotekadan güzəştli qaydada istifadə edən qruplara daxil edilməsi müəllimlər üçün əsl bayram hədiyyəsi, təbriki ola bilər. Bu eyni zamanda gənclərin müəllimlik peşəsində həyatını həsr etməsində də önəmli stimullardan biri olardı. Milli Məclisi müvafiq qurumlarla, hökumətlə büdcə müzakirələrindən öncə bu məsələni müzakirə etməyə və müəllimlərin təkliflərinin öz həllini tapmasına dəstək olmağa çağırıram. Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq.

Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: İpoteka   Müəllim