Məşhurlar müəllimlərini xatırlayır: “Ona “kəllə Sabir” deyirdilər”

Məşhurlar müəllimlərini xatırlayır: “Ona “kəllə Sabir” deyirdilər”
  05 Oktyabr 2018    Oxunub:7222
Elm elə bir gücdür ki, insan yalnız onunla xoşbəxtliyini tapa bilər. Bizə elmi, savadı təlqin etməyi bacaran əsl müəllimlər isə o gücün ən sadiq, yorulmaz əsgərləridir.

Bu gün xatirələrimizdə silinməz izlər qoyan həmin əsgərlərin - müəllimlərin günüdür. Hər il 5 oktyabr tarixi Azərbaycanda Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
AzVision.az-ın əməkdaşı əlamətdar gündə tanınmışlar arasında sorğu keçirərək onlara dərs deyən müəllimləri necə xatırladıqlarını öyrənməyə çalışıb.

Xalq artisti Mənsum İbrahimov nümunəvi şagird olduğunu deyib və müəllimlərinə ehtiramını dilə gətirib.

“Birinci sinifdən 11-ci sinifə qədər mənə dərs deyən bütün müəllimlərimə həmişə hörmətim olub. Çünki o sahəyə müqəddəs sənət kimi baxmışam. Özüm də çox gənc yaşımdan müəllim işləməyə başlamışam. Həmişə demişəm ki, bizi öyrədiblər, biz də öyrətməliyik. Mənə görə müəllim mənəvi valideyndir və bu fikirdəyəm ki, başqasının uğuruna sevinə bilən adam müəllim ola bilər. Dərsi çox adam deyir, gərək müəllimin qəlbində eqoizm, paxıllıq olmasın. Çünki biz tələbə yetişdiririk. Bu gün öz tələbələrimlə eyni səhnəni bölüşürəm. Bütün bunlar qürurvericidir".



Xalq artisi ibtidai sinif müəlliməsini hələ də unutmadığını söyləyib: "Birinci sinif müəlliməm Sənubər xanım daha çox yadımda qalıb. O, bizə o qədər həssas, ana qayğısı ilə yanaşıb ki, yanına gedəndə əllərindən öpürəm. Çox nümunəvi, sakit, tərbiyəli şagird olmuşam. Ən çox humanitar fənləri sevirdim”.

Xalq artisti, aktrisa Afaq Bəşirqızı 12 il müəllim işlədiyi vaxtları yada salıb: “Mən orta məktəbdə, institutda dərs deyən müəllimlərimi hələ də xatırlayıram. Humay, Nübar, Şəfiqə kimi müəllimələri yaddan çıxarda bilərəmmi? Ölənlərə Allahdan rəhmət, qalanlara can sağlığı arzulayıram. Çox istərdim ki, müəllimin qazandığı hörmət daimi olsun. Onlar nə qədər məsuliyyətli, şərəfli işdə olduqlarını dərk etsinlər, hörmətin tükənməzliyini qorusunlar.



Mən də müəllimə kimi işləyib sənətkarlar hazırlayırdım. Çətin şəraitdə işləyirdik, məşq zalımız yox idi. Ancaq onların mənə, sənətə qarşı sevgilərini, daimi axtarışlarını görəndə çox sevinirdim, çətinliklər yaddan çıxırdı. 12 il pedaqoji fəaliyyətlə məşğul olmuşam. Bu işə yaxından bələdəm. Özüm şagird olanda müəyyən yaş həddinə qədər dəcəl idim, amma yaxşı oxuyurdum deyə güzəşt edirdilər”.

Tanınmış jurnalist Qulu Məhərrəmli də müəllimləri ilə bağlı xatirələrini bizimlə bölüşüb.

“Gözümün qabağına ilk növbədə orta məktəb müəllimləri gəlir. Xüsusən ibtidai sinifdə dərs deyənlər. Mən orta məktəbi Şuşada oxumuşam. Orada əlimizdən tutub hərf yazmağı öyrədən Mahirə müəllimə var idi. Yadımdan heç çıxmır. Riyaziyyat müəlliməmiz Solmaz xanım da gözəl insan idi. Ədəbiyyat müəllimiz Sabir Zeynalov bütün Qarabağda məşhur idi. Ona “kəllə Sabir” deyirdilər. Qiymətli insan idi. Tərbiyəçimiz Sərminaz müəllimənin o qədər mülayim davranışı var idi ki. Şükür müəllimiz isə sinifə yeni nəfəs gətirmişdi. Ali məktəbdə isə Mircəlal Paşayev bizə ədəbiyyatşünaslıqdan dərs deyəndə gözümüzə inamırdıq, o boyda nəhəng yazıçını qarşımızda görürük. Müəllimlərimdən biri olan Şirməmməd Hüseynovun da adını çəkə bilərəm. Hökümə xanım isə bizə xarici ədəbiyyatdan dərs deyirdi. Əsl müəllimə çöhrəsi olan və fərqli səsə sahib qadın idi.



İndi dərs deyəndə onların metodikasından istifadə edirik. Həqiqi müəllim olmaq çox çətindir. Səndən sonra hansı iz qalır? Bu, çox önəmlidir. Axı sən onların həyata baxışına da təsir edirsən. Təəssüf ki, istər orta, istərsə də ali məktəblərdə peşə borcuna laqeyd yanaşan, yola verən müəllimlər də var, buna çox təəssüflənirəm.

Hamı orta məktəbdə özünü qəhrəman hesab edir. Amma mən doğurdan çox yaxşı oxuyurdum, müəllimlər uzun illər mənimlə maraqlanıblar, fəxr ediblər. Amma nadinc olduğumdan həm də döyüblər məni”.

Müğənni Rəşad İlyasov isə dərsdə güldüyünə görə dəfələrlə müəllimləri tərəfindən danlanıb.

“Bütün müəllilərim yadımdadır. Hərəsinin öz xüsusiyyəti var idi. Acıqlanan və ya mülayim olan, fərq etməz hamısını indi sevirəm. Uşaq vaxtı bir müəllimə cavab qaytarmışam, ona görə də həmişə utanıram. Sonradan üzr istədim. Amma eyibini indi də çəkirəm. Yadıma tarix dərsindəki əhvalatlar düşdü. Müəllimimiz demişdi ki, Fərman Kərimzadənin tarixi əsərlərini oxuyaq. Mən isə oxumamışdım. Ayağa qaldırıb sual verəndə cavab verə bimədim. Dedi, hardan bilərsən, musiqidən vaxtın var ki?! Mən də əsbiləşib 3 günə dediyi kitabları oxuyub bitirdim.Yenidən sual verəndə durub danışdım. Çox qürurlandı.



Mən nadinc olmamışam. Bir qüsurum var idi ki, dərsdə çox danışırdım və güləndə dayana bilmirdim. Valideyinlərimə şkayət edirdlər ki,yaxşı uşaqdır, amma çox gülür. Şəkili müəllim var idi, bir dəfə dedi, bu qədər gülmə “kişi olacaqsan”. Bunu Şəki ləhcəsi ilə dediyi üçün ümumiyyətlə, gülməli alındı və lap betər güldüm”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Müəllimlər-Günü   Sorğu  





Xəbər lenti