Sərhəddə qaçaqmalçılığın qarşısı alınıb - FOTOLAR

Sərhəddə qaçaqmalçılığın qarşısı alınıb - FOTOLAR
  01 Oktyabr 2018    Oxunub:2613
Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsinin etibarlı təmin olunması sahəsində tədbirləri uğurla davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AzVision.az-a bildiriblər ki, son günlər Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda pirotexniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb. Həmçinin “Göytəpə” və “Zaqatala” sərhəd dəstələrinin xidməti ərazilərində dövlət sərhədini pozmağa cəhd edən iki nəfər saxlanılıb. Sentyabrın 25-də Gürcüstan ilə dövlət sərhədində Ehram çayının axını ilə müqabil ölkə ərazisindən üzüb gələn göy rəngli çəllək aşkar olunub. Çəlləyə baxış keçirilən zaman 22 min 800 ədəd “Enigma” markalı pirotexniki vasitə aşkarlanıb.



Sentyabrın 21-də DSX sərhəd qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən naməlum şəxsin hərəkəti aşkarlanıb. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qaldırılaraq hadisə yerinə hərəkət edib. Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq hərəkət edən bir nəfər saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı, 1974-cü il təvəllüdlü Şukahi Omid Həmid olduğu müəyyənləşib.



Onun aprelin 17-də “Böyük Kəsik” Sərhəd Nəzarət Məntəqəsindən (SNM) keçərək Gürcüstana getməsi və aprelin 23-də “Şıxlı” SNM-dən Gürcüstandan ölkəmizə qayıdarkən Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəyə girişi qadağan olunduğuna görə geri qaytarıldığı üçün dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum olub. Sərhəd pozucusunun üzərində ona məxsus İran pasportu, şəxsiyyət və sürücülük vəsiqələri, bank kartı, 429 manat, 50 min İran tüməni, 2 ədəd yaddaş kartı, “İphone5 S” markalı mobil telefon, İrana məxsus sim kart, 1 əl fənəri, 1 bıçaq, “powerbank”, geyim əşyaları və ərzaq məhsulları aşkarlanıb.



Sentyabrın 26-da Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində qabaqlayıcı əməliyyat məlumatına əsasən sərhəd pozucusu saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı, Şəmkir rayon sakini 1998-ci il təvəllüdlü Tofiqzadə Pərvanə Elşən qızı olması və İran İslam Respublikası vətəndaşı ilə ailə qurmaq məqsədilə 2017-ci il ilin dekabrında Culfa SNM-dən qanuni yolla İran İslam Respublikasına getməsi, lakin İran vətəndaşının həyat yoldaşı və qohumları onları evdən qovduqları üçün uzun müddət ayrı-ayrı şəhərlərdə yaşamaları müəyyən edilib.



P.Tofiqzadənin verdiyi məlumata əsasən, ona məxsus olan Azərbaycan Respublikasının ümumvətəndaş pasportunu ailə qurduğu İran vətəndaşı tərəfindən əlindən alındığına görə dövlət sərhədini qanunsuz yolla keçmək məcburiyyətində qalıb. Sərhəd pozucusunun üzərində 1 ədəd “Samsunq” markalı mobil telefon, 30 manat, 1 ədəd hesab kartı, şəxsiyyət vəsiqəsi və əl çantası aşkar olunub. Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DSX  





Xəbər lenti