“Türkiyə Gömrük İttifaqına qoşula bilməz” - Politoloq

“Türkiyə Gömrük İttifaqına qoşula bilməz” - Politoloq
  25 Oktyabr 2013    Oxunub:1044
“Türkiyənin Ermənistanla açıq sərhəddi və diplomatik münasibətləri yoxdur. Ermənistan isə yenicə Gömrük İttifaqına üzv olub. Sərhəddə Ermənistana qapılarını bağlayan bir ölkənin Gömrük İttifaqında onunla əməkdaşlıq etməsi mümkün deyil”
Bunu politoloq Elxan Şahinoğlu Türkiyənin Gömrük İttifaqına qoşulmasını AzVision.az-a şərh edərkən bildirib.

Ekspertin fikrincə, hazırki durumda Türkiyənin Gömrük İttifaqına qoşulması mümkün deyil:

“Gömrük İttifaqı ölkələrinin bir -bir ilə sıx əməkdaşlıq etdiyini nəzərə alsaq Nazarbayevin sözləri şübhə doğurur. İstənilən halda məsələyə Türkiyənin aydınlıq gətirməsi daha düzgün olardı. Türkiyəyə ittifaqa qoşulmağı təklif etməsinə baxmayaraq Qazaxıstan prezidentinin özü də Türkiyənin belə bir addım atacağına inanmır. Ola bilsin ki, Türkiyə Avropa Birliyinə qoşulmaqda maneələrlə üzləşdiyinə görə başqa vasitələr axtarır. Asiya qitəsindəki təşkilatlarla əməkdaşlıq edir və s. Ancaq bu o demək deyil ki, Türkiyə Gömrük İttifaqının üzvü olacaq”- deyə E. Şahinoğlu şərh edib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya Ali İqtisadi İttifaqının Şurasında çıxışı zamanı Türkiyənin Gömrük İttifaqına qəbul olunmasını təklif edib. “Məlum olduğu kimi Suriya Gömrük İttifaqının üzvü olmaq istəyir. Qərbdə hansı ölkəyə gedirsən, soruşurlar, siz Sovet İttifaqını bərpa edirsiniz, yoxsa Rusiyanın nəzarəti altında bir qurum yaradırsınız? Belə bir şey yoxdur. Bəlkə Türkiyəni də qəbul edək və bütün bu kimi suallara son qoyaq”-deyə Nazarbayev bildirib.

Şəhanə Rəhimli


Teqlər:





Xəbər lenti