MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub - Yenilənib (FOTOLAR)
Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Purli Ağamuradov MDB-yə sədrliyin Türkmənistana keçməsi ilə bağlı qəbul edilən qərara verdikləri dəstəyə görə dövlət başçılarına minnətdarlığını bildirdi. O, sədrlik dövründə Türkmənistanın MDB məkanında əməkdaşlığın daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.
MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın məhdud tərkibdə iclasında müzakirə olunmuş məsələlər barədə məlumat verdi və Şuranın növbəti iclasının 2019-cu ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcəyini diqqətə çatdırdı.
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyenko kosmik fəzanın sülh məqsədilə tədqiqi və istifadəsi sahəsində əməkdaşlığa dair hazırlanmış Konvensiyanın müddəaları ilə iclas iştirakçılarını tanış etdi.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin bayram edilməsi ilə bağlı hazırlanmış sənəd barədə məlumat verdi. Hər iki sənəd yekdilliklə qəbul olundu. İclasda bəzi prosedur məsələlərə baxıldı. Sonra dövlət və hökumət başçıları iclasda müzakirə olunmuş bir sıra sənədləri imzaladılar. Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatdı.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident MDB İclas