23 ildə 5750-yə qədər qanun və qərar qəbul olunub - Spiker
"Ötən illər ərzində parlamentin fəaliyyətinə nəzər salarkən hökmən qeyd edilməlidir ki, Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf edib və zənginləşib. Milli Məclisin peşəkarlıq səviyyəsi yüksəlib. Parlament özü mahiyyət etibarı ilə demokratiyanın bəhrəsidir. Digər tərəfdən isə demokratiyanın inkişafı və onun dönməzliyinin təmin edilməsi üçün zəruri şərtdir. Uzun əsrlər boyu Avropa demokratiyasının təcrübəsində sınaqdan çıxarılmış çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri ötən illərdə Azərbaycan parlamentinin praktikasında da özünü doğruldub. Bizim təcrübəmiz də göstərir ki, cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən parlament əsl demokratiya və siyasi mədəniyyət məktəbidir. Parlament milli qanunvericiliyi qabaqcıl dünya ölkələrinin hüquq normalarına və standartlarına uyğunlaşdırmaq, problemlərin açıq müzakirəsini aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir, söz, mətbuat, vicdan, birləşmək, sərbəst toplaşmaq və digər siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaradır".
O.Əsədov vurğulayıb ki, beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafına xüsusi diqqət yetirilir: "Bu məqsədlə parlamentlərarası əməkdaşlığın müxtəlif formalarından istifadə olunur. İndiyədək xarici ölkələrin qanunvericilik orqanları ilə əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında 20-yə qədər saziş bağlanıb. Milli Məclisdə 80-dən çox ölkənin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları yaradılıb. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların toplantılarında müntəzəm iştirak edir, dövlətimizin müxtəlif məsələlərə dair mövqeyini beynəlxalq aləmə çatdırmaq üçün bu vasitədən də səmərəli istifadə edirlər".
AzVision.az
Teqlər: Oqtay-Əsədov Milli-Məclis