"Zəncir vurmaq uydurulmuş hərəkətlərdir" - Komitə sədri

"Zəncir vurmaq uydurulmuş hərəkətlərdir" - Komitə sədri
  18 Sentyabr 2018    Oxunub:2504
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
AzVision.az xəbər verir ki, seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən dini icmaların üzvləri, dini komissiyasının və rayon Ağsaqqallar Şurasının təmsilçiləri, tam orta məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonda mövcud dini durum haqqında məlumat verərək respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa edib. Ulu Öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçmiş və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırıb. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gündəlik həyat tərzinə, milli-mənəvi dəyərlərimizin tərkib hissəsinə çevrilmiş bu dəyərlər bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Bu gün məqsədyönlü və uzaqgörən siyasi kursun uğurla davam etdirilməsinin sayəsində respublikamızda bütün dini konfessiyaların azad fəaliyyətinə tam şərait yaradılıb ki, bu da Azərbaycanı tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəldir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və digər qurumlarla birgə səmərəli fəaliyyət barədə danışıb. Qeyd edib ki, Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda tarixən müxtəlif dinlərin birgəyaşayışı mövcud olub, dini zımində heç vaxt qarşıdurma müşahidə edilməyib.

Eyni zamanda, Məhərrəm ayı və Aşura tədbirləri haqqında danışan Mübariz Qurbanlı bildirib ki, mərasimlər məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir. Bu il də Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb. “Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir”,- deyə Komitə sədri vurğulayıb.

Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək dinə dövlət qayğısından, dövlət-din münasibətlərindən danışıb. O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da dövlət daim dini sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub insanların istifadəsinə verilir. Qeyd edib ki, bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir. Rauf Əliyev Məhərrəm ayı və Aşura tədbirləri haqqında da danışıb. Bildirib ki, mərasimlərdə heç bir halda xurafata yol vermək olmaz.

Pirallahı qəsəbə məscidinin imamı Elçin Baxşıyev, Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvü Səməd Əhmədov və digərləri çıxışlarında xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli mənəvi dəyərləri qoruyub saxlamağın əhəmiyyətindən danışıblar. Çıxış edənlər ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, belə tədbirlərin təkcə dövlət-din münasibətlərinin inkişafına, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət etdiyini vurğulayıblar.

Müzakirələr zamanı Məhərrəm ayında keçirilən dini mərasimlərin, o cümlədən “Aşura” mərasiminin icrası zamanı qanunvericiliyin tələblərinə və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında qeyd olunan tövsiyələrə əməl olunmasının vacibliyi qeyd olunub. Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

AzVision.az


Teqlər: Aşura   Dini-Komitə  





Xəbər lenti