İlham Əliyev braziliyalı səfirlə görüşüb

İlham Əliyev braziliyalı səfirlə görüşüb
  23 Oktyabr 2013    Oxunub:899
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarın etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Santyaqo Luis Bento Fernandes Alkasar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar oktyabrın 9-da keçirilən prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Diplomat paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin qurulmasının 20 ilinin başa çatdığını vurğulayan səfir əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Siyasi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi, kənd təsərrüfatı, biznes, turizm və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti