Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Gəncədə təhsil işçilərinin konfransı keçirilib
  10 Sentyabr 2018    Oxunub:2411
Gəncə müəllimlərinin 2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib. Konfransdan öncə təhsil işçiləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
AzVision.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 2017-2018-ci tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov 2017-2018-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Çıxışda bildirilib ki, ötən tədris ilində şagirdlərin sayı 40 067 nəfər olub. Onların təlim-tərbiyəsi ilə 3 868 nəfər müəllim məşğul olub. Zakir Hüseynov qeyd edib ki, bu ildən etibarən hazırlıq qruplarına uşaqların qəbulu elektron qaydada aparılır. Bu tədris ilində 2013-cü ildə anadan olmuş 3749 uşağın 75%-i, yəni 2812 nəfər 141 hazırlıq qrupuna qəbul ediləcəkdir.

Bu günədək Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 183 I sinfinə 4200 şagird qəbul olunub. Hal-hazırda I-ci siniflərə elektron qaydada qəbul davam etdirilir.

Bu il ali məktəblərə qəbul olanların sayı ötən ilə nisbətən daha yüksəkdir. Belə ki, ali məktəblərə qəbul olanların 264 nəfəri 500-dən yuxarı, 90 nəfəri 600-dən yuxarı və 1 nəfər 700 bal toplayıb. Dövlət İmtahan Mərkəzinin statistik məlumatına əsasən 2017/2018-ci tədris ilinin məzunlarından 1991 nəfəri ali məktəblərə sənəd təqdim edib. Onlardan 1048 nəfəri Respublikamızın ali məktəblərinə, daha dəqiq 54,4 %-i ali məktəblərə, 61 nəfəri isə xüsusi təyinatlı Ali Təhsil Müəssisələrinə qəbul olunublar. Bundan başqa 195 nəfər abituriyent 11 illik təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə, ümumilikdə isə məzunların 64,18% ali və orta ixtisas məktəblərinə qəbul olunublar. 20-dən cox məzun xarici ölkələrin (İngiltərə, Polşa, Türkiyə, Rusiya, Sinqapur və Cənubi Koreya) ali məktəblərində təhsillərini davam etdirəcəklər.

Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib. Onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Nazir müavini həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. Məhəbbət Vəliyeva ölkəmizin təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən birinin keyfiyyətli təhsil və yüksək ixtisaslı kadr hazırlığının olduğunu bildirib. Müavin 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsinin bu vəzifənin uğurla həll olunmasında mühüm rol oynadığını vurğulayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Byramov konfransda çıxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. O bildirib ki, Gəncədə fəaliyyət göstərən məktəblərdən 34-ü tam təmirlidir. 1076 şagird yerlik 7 nömrəli tam orta məktəbin binasında isə əsaslı təmir işləri davam etdirilir. Gəncədə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışan Niyazi Bayramov kollektivə öz tövsiyyələrini verib və onlara yeni dərs ilində uğurlar arzulayıb.

Çıxışlardan sonra bu il şəhər üzrə qəbul imtahanında 700 bal toplayan İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin məzunu Selcan Məmmədli və 695 bal toplayan 30 №-li tam orta məktəbin məzunu Altun Balayevə notebook hədiyyə edilib.

AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti