Generallar sərhəddəki vəziyyəti yoxladı - FOTOLAR
Bu məqsədlə general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə keçirilmiş xidməti müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafelərinin qorunması ilə bağlı tapşırıq və göstərişlərinin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.
2018-ci ilin 10 may tarixindən etibarən sutkalıq fasiləsiz rejimdə fəaliyyət göstərən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.
AzVision.az