Deputatlar tətildən qayıdır

Deputatlar tətildən qayıdır
  27 Avqust 2018    Oxunub:2063
Azərbaycanda millət vəkillərinin yay məzuniyyəti bu həftə başa çatır.
AzVision.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşır.

Qanunvericiliyə əsasən, Milli Məclisdə komitə iclasları sentyabrın 15-dən, parlamentin payız sessiyası isə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlar məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət alırlar.

Qeyd edək ki, Milli Məclisin sədrinə 4950 manat, Milli Məclis sədrinin I müavininə 4454 manat, Milli Məclis sədrinin müavininə 4206 manat, sıravi deputatlara isə 3464 manat müavinət verilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Deputat   Milli-Məclis   Tətil  





Xəbər lenti