Gəncə hadisələri ilə bağlı 61 nəfər həbs olunub

Gəncə hadisələri ilə bağlı 61 nəfər həbs olunub
  30 İyul 2018    Oxunub:10311
Bu ilin iyul ayında Gəncə şəhərində baş verən hadisələrlə əlaqədar 61 nəfər həbs olunub.
AzVision.az xəbər verir ki, bu barədə iyulun 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, iyulun əvvələrində Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş və ölkədə geniş ictimai rezonans doğuran terror aktı, həmin hadisələrin davamı olaraq din pərdəsi altında fəaliyyət göstərən və çoxları məhkumluq həyatı yaşamış cinayətkar aləmin ünsürlərinin Gəncədə törətdikləri kütləvi iğtişaş nəticəsində iki polis əməkdaşının - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovun qəsdən öldürülməsi hüquq mühafizə orqanlarının ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin qorunmasını və dövlət maraqlarının müdafiəsini labüd edib.

Vurğulanıb ki, radikal dini təriqətə mənsub, xarici ölkədə dini təhsil almış və Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş Yunis Səfərovun hakimiyyət nümayəndəsinə qarşı planlaşdırılmış terror aktı, baş tutacağı halda ölkədə xaos və iğtişaşlar yaratmağa yönəlmiş çağırışın öncədən hazırlanması, həmçinin bir neçə gün sonra baş verən kütləvi iğtişaşlar bu hadisələrin bir neçə ay əvvəldən nəzərdə tutulduğunu və dini-ekstremist təşkilatlarla sıx bağlı olduğunu göstərib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bugünkü vaxtadək 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib, silahlı müqavimət göstərmiş 4 nəfər xüsusi xidmət orqaları tərəfindən zərərsizləşdirilərək məhv edilib, 13 nəfər barəsində isə həbsli axtarış elan olunub.

AzVision.az


Teqlər: Gəncə   Baş-Prokurorluq  





Xəbər lenti