Naxçıvanda 6 ayın hesabatı verildi

Naxçıvanda 6 ayın hesabatı verildi
  26 İyul 2018    Oxunub:2375
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda müşavirə keçirilib.
AzVision.az-ın məlumatına görə, müşavirədə bildirilib ki, 2018-ci ilin 6 ayı ərzində işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət edilməsi zamanı Naxçıvan Muxtar Respublikasında 215 sahibkarlıq obyektində 236 yeni əmək müqaviləsi bağlanıb, 526 əmək müqaviləsində isə əməkhaqqı artırılıb.

Qeyd olunub ki, cari ilin 6 ayı ərzində fondun hesabına 26 milyon 520 min manat proqnoza qarşı 34 milyon 739 min 440 manat vəsait daxil olub, proqnoz tapşırıqlara 131 faiz əməl edilib. Diqqətə çatdırılıb ki, hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar, həmin təşkilatlarda işləyənlər üzrə və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə 24 milyon 18 min 930 manat məcburi dövlət sosial sığorta haqları büdcə təşkilatlarından daxil olub. Bu da nəzərdə tutulduğundan 5 milyon 914 min 930 manat, yaxud 32,7 faiz çox, 2017-ci ilin 6 ayı ilə müqayisədə 1 milyon 1 min 240 manat, yaxud 4,3 faiz çoxdur. Digər sığortaedənlərdən 10 milyon 720 min 510 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulduğundan 2 milyon 304 min 510 manat, yaxud 27,4 faiz çox olub. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərcləri 70 milyon 141 min 546 manat icra olunub.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” imzaladığı 2018-ci il 9 fevral tarixli sərəncamına əsasən bu kateqoriyadan olan əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsi 5,7 faiz artırılıb. 2018-ci ilin 6 ayı ərzində fondun yerli orqanları tərəfindən 804 nəfərə əmək pensiyası təyin edilib.

Qeyd olunub ki, əmək pensiyaları və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 50,4 faizi sığortaedənlərdən məcburi dövlət sosial sığortahaqqı şəklində yığılıb. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin tamamlanması üçün 37 milyon 300 min manat subsidiya alınaraq pensiya və müavinətlərin ödənilməsi üçün yerli orqanlara göndərilib. Hesabat dövründə 1776 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Beləliklə, fərdi uçot sistemində qeydə alınaraq sosial sığorta şəhadətnaməsi alan sığortaolunanların sayı 170 min 712 nəfərə çatıb.

Fondun internet səhifəsində 21 növ elektron xidmətin təşkili nəzərdə tutulub. Hazırda 16 aktiv elektron xidmət sığortaedənlərin istifadəsinə verilib.

AzVision.az


Teqlər: Naxçıvan   Pensiya   Əmək  





Xəbər lenti