“Şamaxinka”da tıxac problemi aradan qaldırılacaq

“Şamaxinka”da tıxac problemi aradan qaldırılacaq
  28 İyun 2018    Oxunub:3599
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində intensiv hərəkət nəticəsində asfalt-beton örtüyünün təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi ilə əlaqədar işlər davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hazırda yolun tunelin çıxışından Biləcəri yolu ilə əsas yolun kəsişdiyi nöqtəyədək qızğın iş gedir. Bu səbəbdən 20 Yanvar körpüsü və tunellə hərəkət məhdudlaşdırılıb.

Nəqliyyat axını 20 Yanvar dairəsi və “Şamaxinka” adlanan əraziyə yönəldiyindən orada sıxlıq yaşanır. Yaxın 2-3 gün ərzində həmin ərazilərdə işlər yekunlaşan kimi körpü və tunellə hərəkət bərpa olunacaq və “Şamaxinka”da yaşanan sıxlıq aradan qalxacaq.

Təmir işləri sonrakı mərhələlərdə hissə-hissə Xırdalan dairəsinə qədər aparılacaq. Bu zaman hərəkət zolaqlarının yarısında təmir işləri görüləcəksə, digər yarısı ilə hərəkət davam etdiriləcək.

AzVision.az


Teqlər: Şamaxinka   Yol   Tıxac  





Xəbər lenti