Hamıdan gizli evlənən, kirayələrdə yaşamış xalq artisti

Hamıdan gizli evlənən, kirayələrdə yaşamış xalq artisti
  28 İyun 2018    Oxunub:101889
Bu gün mərhum müğənni, Xalq artisti Gülağa Məmmədovun doğum günüdür. Tanınmış incəsənət xadimi yaşasadı, 93 yaşını qeyd edəcəkdi.

AzVision.az xəbər verir ki, Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb.
Kasıb ailədə böyüyüb. Atası çəkmə tikən, anası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb.

Uşaqlıqdan musiqiyə böyük marağı olan Gülağa Məmmədov tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyarmış. 12 yaşında olarkən, təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Azyaşlı Gülağa Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir.



Gülağa Məmmədov 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun "Səni gördüm, aşiq oldum" ariyası böyük alqışlarla qarşılanır.

Üzeyir Hacıbəyov onun ailəsi, yaşam tərzi haqqında bütün məlumatları öyrənibmiş. Moskvadan gümüş medal və fəxri fərmanla qayıtdığını eşidəndə isə Gülağanı anasıyla birgə yanına çağırırır və tapşırır ki, ev seçmək üçün xoşlarına gələn ünvanı göstərsinlər. Mirzəağa Əliyev küçəsində yerləşən ikiotaqlı həyət evi onların xoşuna gəlir. Üzeyir Hacıbəyovun dəstəyi ilə Gülağa Məmmədovun ailəsinə ikiotaqlı mənzil və aya 250 manat təqaüd ayrılır.

Gülağa 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilir. Sonra Konservatoriyada təhsil alır. O, 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayır. "Arşın mal alan", "Beşmanatlıq gəlin" və digər tamaşalarda baş rolları oynayır. Lakin bir neçə ildən sonra teatrdan ayrılır. Konservatoriyada oxuduğu illərdə Gülağa vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Sarabskidən öyrənmişdi. Oxuduğu mahnıların çoxu isə Səid Rüstəmova məxsus olurdu. Çünki, Səid Rüstəmov mahnılarının əksəriyyətini xüsusi olaraq Gülağa üçün yazırdı. Tofiq Quliyevin də, Cahangir Cahangirovun da əsərlərini ilk səsləndirən Gülağa Məmmədov olub.



Həm məktəbdə oxuyan, həm də işləyən bu yeniyetmə oğlan bir həyətdə böyüdüyü Aliyə adlı qonşu qıza meylini salır. Amma qızın valideynləri onların evlənməyinə razı olmur. Deyirlər ki, Gülağa hələ ali savad alsın, sonra evlənsin. Uşaqlıqdan çox zirək, həm də inadkar olan Gülağa arzusuna çatmağın yollarını axtarır.

15 yaşına çatanda Böyük Vətən müharibəsi başlayır. Şövkət Ələkbərova ilə birgə döyüşçülərin qarşısında konsert proqramlarıyla çıxış edir. Başlarına od-alov yağa-yağa oxuyurlar. Müharibə qurtarandan sonra Gülağa evlənmək qərarına gəlir. Amma gənclərin sevdasından duyuq düşən Aliyənin dayısı onlara göz verib, işıq vermir. Çarəsiz qalan Gülağa hiyləyə əl atır. Bir gün sevdiyi qızdan pasportunu istəyir. Deyir ki, "bütün qonşuların pasportlarını yığıram. Evlər idarəsinin müdiri tapşırıb. Sən də öz pasportunu mənə ver".

Vaxt keçir və Aliyə öz pasportunu geri alanda heyrətdən donub qalır. Görür ki, pasportuna evlənmələri barədə möhür vurulub. Sən demə, Aliyənin hərisini ala bilməyən Gülağa köhnə məhəllələrinə gedir. Oradan Aliyəyə oxşayan bir qızla danışıb razılığını alır. Onun başına yaylıq da bağlayır ki, nikah mərasimində heç kim şübhələnməsin. Nikah qeydiyyatından keçib, Aliyə ilə onun özündən xəbərsiz ailə qurur. Möhür vurduqdan sonra pasportu geri qaytarır.

Evlənirlər. Bir yerdə uzun, xoşbəxt günlər yaşayırlar. Bu illər ərzində Gülağa heç zaman həyat yoldaşına qarşı münasibətini dəyişmir. Həmişə ailəsinin qayğısına qalır. Olduqca qısqanc olan Gülağa həyat yoldaşının Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almasını istəmirmiş.

Gülağa Məmmədovla Aliyə xanım uzun illər övlad həsrəti çəkiblər. Hətta həkimlər onlara Aliyənin uşaq dünyaya gətirə bilməyəcəyini deyiblər. 1956-cı ildə - evləndikləri vaxtdan on il keçəndən sonra taleləri üzlərinə gülüb. Onların yeganə övladları - Gülarə dünyaya gəlir. Gülarə xanım atasıyla bağlı xatirələrini danışarkən belə deyir:

"Atam sürpriz etməyi xoşlayırdı. Onun bu ailədə ən böyük sürprizi, anama ən böyük, ən qəribə, gözlənilməz hədiyyəsi, söz yox ki, pasportuna vurdurduğu evlənmələri barədə möhür olmuşdu. Sonralar da anama həmişə sürprizlər edib. Heç nə demədən evdən anamın şəklini, pasportunu aparıb, bir müddət sonra "Hazırlaş, xaricə gedirik" - deyə aldığı putyovkanı ona uzadıb.

Gülağa Məmmədov şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansambllarıyla, simfonik orkestrləriylə birgə çıxışlar edib. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti olub. "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.

Gülağanın, həmçinin yaxşı muğamat oxumağı olub. Ancaq efirdə muğam oxumayıb. Bu barədə ona sual verəndə "oxuyacağam" - deyə cavab verərmiş.



Həyat yoldaşı Aliyə xanım isə bunları xatırlayarmış: "Bir dəfə xalam qızının dəvəti ilə Almaniyaya getmişdik. Yaqub Zurufçu gəlməyimizi eşidib yanımıza gəldi. Bir gün də xalam qızının evində qaldı. Yaqub Gülağadan xahiş etdi ki, Bakıya qayıdanda onun üçün dəvətnamə göndərsin. Biz onun kassetini gətirdik. O vaxta qədər Zurufçunu heç kim tanımırdı. O vaxt televiziyada "Ayrılıq" verilişi gedirdi. Gülağa da kasseti apardı ki, mahnı verilişdə səslənsin. Mahnı lap yerinə düşdü. Bu mahnıdan sonra çox adamlar bizə zəng vurub onunla maraqlanırdı. Gülağa Yaquba verdiyi sözü yerinə yetirib ona dəvətnamə göndərdi. Yaqub Zurufçu ailəsi ilə Bakıya gəlib bir ay burda qaldı. Bu müddətdə Gülağa ona xeyli köməklik göstərdi, öz mahnılarını öyrətdi. Şövkət, Gülağa və Yaqub Zurufçu birlikdə sarayda konsert verdilər. Ona görə də Yaqub Zurufçu hər yerdə deyir ki, məni Azərbaycana tanıdan Gülağa olub.

Sağlığında bircə dəfə də yubileyi keçirilmədi. Öləndən sonra isə bir dəfə Muğam Teatrında xatirə gecəsini təşkil ediblər. Gördüyü diqqətsizlik Gülağa üçün ağır zərbə oldu. O, bu haqsızlıqlara dözə bilməyib şəkər xəstəliyinə tutuldu. Xəstəliyinə baxmayaraq, son günə qədər yeni mahnılar üzərində çalışırdı. Rəhmətə gedən günə qədər orkestrlə mahnı yazdırmağa gedirdi.

Bir gün isə - iyunun 7-də (1994-cü il) səhər yeməyini yedikdən sonra halı pisləşdi. Ancaq təkidimə baxmayaraq, işə getdi. Çünki orkestrin 60 nəfərlik kollektivi onu gözləyirdi. Yeni mahnıların məşqini etməliydilər. Həyətə təzə düşmüşdü ki, evə zəng gəldi...".



Həkimlər Gülağa Məmmədova infarkt diaqnozu qoyublar. O, 1994-cü il iyunun 7-də vəfat edib.







Şahanə Rəhimli
AzVision.az


Teqlər: Gülağa-Məmmədov  





Xəbər lenti