Yayda uşaqları nədən qoruyaq? - Baş pediatrdan xəbərdarlıq

Yayda uşaqları nədən qoruyaq?  - Baş pediatrdan xəbərdarlıq
  28 İyun 2018    Oxunub:5640
“Təbiət bizə imkan verir ki, yay mövsümündə uşaqların orqanizmini möhkəmləndirək, günəş, su, qum vannasından istifadə edək. Mövcud meyvələr və tərəvəzlərdən istifadə etməklə onların orqanizmini möhkəmləndirmək mümkündür. Digər tərəfdən isə bu bolluğun içərisində səhvlərə yol verəriksə, ağır fəsadlarla rastlaşarıq. Yay mövsümündə uşaqların isti və günvurma halları, qida toksiki infeksiyaları və qida zəhərlənmələri riskləri var”.
Bu barədə AzVision.az-a Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev bildirib.

Direktorun sözlərinə görə, yay mövsümündə insanları ən çox narahat edən məsələlər uşaqlarda günvurma və qidaların tez xarab olması ilə bağlı yaranan pozğunluqlardır. Valideynlər, tibb işçiləri uşaqlarla bağlı məsələlərdə diqqətli olmalıdırlar.

“Valideynlərə məsləhətimiz odur ki, 1 yaşından az olan körpələri yay mövsümündə əlavə qidaya keçirməsinlər. Yay mövsümündə əgər uşağın ana südü ilə bəslənməyi 6 aya çatıbsa və əlavə qidaya keçmək vaxtıdırsa, onu bir-iki ay geri çəkmək lazımdır. Ana südü ilə qidalanmanı davam etdirərək, əlavə qidaya keçidi sentyabrdan sonra başlasınlar”.



Baş pediatr deyib ki, uşaqların qidaları onların yaşına uyğun olaraq təmin olunmalıdır: "Yəni uşağa aid qidaları vermək lazımdır. 1 yaşında olan uşağa valideynlər kabab versələr, xəstələnmə baş verəcək. Müxtəlif meyvələri uşaqda sınaqdan keçirməklə problemlər ortaya çıxa bilər. Təbii ki, indi satışa çıxarılan qarpız, yemiş, qovunun istixanada yetişdirilməsi hamıya məlumdur. Klassik olaraq biz görmüşük ki, qarpız, yemişin yetişmə vaxtı avqust ayında olur. İyun ayında görünürsə, o zaman həmin tərəvəz bitkiləri suni becərmə üsulları, istixanalarda gübrələrlə yetişdirilib. Bunları uşaqlara vermək çox risklidir, zəhərlənmələr görünə bilər. Valideynlər bu bostan bitkilərindən uşaqları kənar tutmalıdır”.



N.Quliyev, həmçinin valideynlərə xəbardarlıq edib. Bildirib ki, uşaqları icazə verilməyən çimərliklərə aparmaq olmaz. “Heç kəs şərait olan halda qadağa qoymaz. Qadağa qoyulmasına səbəb həmin bölgədəki suda bakteriyanın yüksək olmasıdır. Bəzən valideynlər heç nəyə məhəl qoymadan uşağı həmin yerlərə aparır. Uşaqları açıq günəş altında saxlamaq olmaz. Saat 11 və ya 12-nin yarısından 16:00-ya kimi uşaqları dəniz sahilinə aparmaq, günəş altında tutmaq qəti qadağandır. Bu, uşaqlarda isti və günvurmasına gətirib çıxarır. Kölgəlikdən istifadə etmək lazımdır, uşaqların çətirli papaqları olmalıdır”.



Baş pediatr vurğulayıb ki, uşaqlarda yay mövsümündə narahatçılıq yaranırsa, bu, bizim buraxdığımız səhvlər nəticəsində olur: “1-5 yaşadək olan uşaqlara dalbadal dondurma verirlərsə, onda qısa müddətdə irin, angena inkişaf edir. Yay mövsümü başlayandan bizə əsasən angena, dondurma ilə əlaqədar müraciətlər edilir. Klinikamızda isti və ya günvurma ilə bağlı hospitalizasiya olunan qeydə alınmayıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Nəsib-Quliyev   Uşaq   Pediatr  





Xəbər lenti