ATƏT PA seçkidən razı qalıb

ATƏT PA seçkidən razı qalıb
  14 Oktyabr 2013    Oxunub:886
Azay Quliyev həmkarlarına obyektiv mövqeyə və seçkilərə verdikləri ədalətli qiymətə görə təşəkkür edib
Montenoqranın Budva şəhərində ATƏT PA-nın Büro iclasında Azərbaycanda keçirilən seçkilər müzakirə edilib. ATƏT PA müşahidə missiyasının rəhbəri Doris Barnett müşahidə missiyasının fəaliyyəti haqqında ətraflı məlumat verib və özünün apardığı müşahidələri büro üzvləri ilə bölüşərək seçkilərin yaxşı təşkil olunduğunu və ciddi qanun pozuntularının şahidi olmadığını bildirib.

ATƏT PA-nın vitse prezidenti Corc Sereteli də həmkarını dəstəkləyərək səsvermə zamanı əhəmiyyətli problemlərin müəyyən edilmədiyini və seçkilərin Azərbaycan qanunvericiliyinə uyğun olaraq təşkil edildiyini qeyd etdi.

Daha sonra ATƏT PA-nın büro üzvü və Təhlükəsizlik və Siyasi məsələlər komitəsinin sədr müavini Azay Quliyev həmkarlarına obyektiv mövqeyə və seçkilərə verdikləri ədalətli qiymətə görə təşəkkür edib.

A.Quliyev Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirildiyini vurğuladı və bildirib ki, 1400 beynəlxalq və 52 min yerli müşahidəçilərin iştirakı ilə keçən seçkilər bütün müşahidəçilər tərəfindən müsbət qiymətləndirilib.

"Xüsusilə AŞPA və Avropa Parlamenti seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirildiyini və demokratik prinsiplərə cavab verdiyini bəyan ediblər. Lakin təəssüflər olsun ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəyi qeyri-obyektiv, balanslaşdırılmadığından və reallığı tam olaraq əks etdirmədiyindən qəbul edilə bilməz. Təkcə bir fakta diqqətinizi cəlb etmək istərdim. DTİHB hesabatda yazır ki, ölkə üzrə mitinqlər üçün 152 yer ayrılıb. Sonra ardınca yazır ki, seçkilər zamanı Azərbaycan da toplaşma azadlığı məhdudlaşdırılıb. Bu nə məntiqsizlikdi? Azərbaycanda hər rayon və şəhərdə mitinqlərə yer ayrıldığı halda, toplaşma azadlığının pozulmasını söyləmək nə qədər məntiqlidir? Və yaxud eyni yanaşmanı internet azadlığının məhdudlaşdırılması haqqında deyilən əsassız fikirlərə də aid etmək olar" - deyə Quliyev bildirib.

Quliyev qeyd edib ki, DTİHB-in hesabatında bir çox müsbət məqamların və demokratik seçkilərin keçirilməsi sahəsində əldə olunan ciddi tərəqqinin qeyd olunmaması xüsusilə Azərbaycan ictimaiyyətində narahatçılığa səbəb olub.

"DTİHB bir çox hallarda şayiələrə və təsdiqlənməmiş məlumatlara söykənərək ilkin rəyini açıqlayıb. Məsələn, seçki qutularına guya kütləvi şəkildə bülletenlərin atılması haqqında yayımlanan video araşdırılan zaman bəlli olub ki, bu video internetə seçkidən 1 gün əvvəl, yəni oktyabrın 8-də yerləşdirilib. Təəssüf ki, belə yalan xarakterli məlumatlar bilərəkdən yayılıb və ona istinadlar edilib. Ona görə də, təsdiq olunmamış faktlar əsasında ölkənin seçki sisteminə qarşı ittiham irəli sürmək yolverilməzdir. Bu hesabat DTİHB-na olan inam və etimadı zədələdi" - deyə Quliyev vurğulayıb.

Bəzi büro üzvülərinin AŞPA və Avropa parlamentinin seçkilərin demokratik və şəffaf keçirilməsi haqqında verdikləri bəyanat haqqında söylədiklərinə Quliyev cavab olaraq bildirdi ki, belə müsbət bəyanatla təkcə adları çəkilən qurumlar deyil, ATƏT-in rəhbərliyi də çıxış edib. "ATƏT-in hazırkı sədri Leonid Kojara, ATƏT-in Baş katibi Lamberto Zanier və ATƏT-in müşahidə missiyasının rəhbəri Mişel Vazuen seçkilərə adekvat və obyektiv qiymət verib və seçkilərin ATƏT-in və Avropa Şurasının tələblərinə uyğun keçirildiyini, bu istiqamətdə ciddi tərəqqinin əldə olunduğunu bildiriblər. Bütün bunlara və qeyd olunan uyğunsuzluqlara DTİHB nə deyəcək? Məncə bu qurum qərarına yenidən baxmalı və bu ədalətsizliyi aradan qaldırmağa çalışmalıdır" - deyə o əlavə edib.


Teqlər:  





Xəbər lenti