Daxili İşlər Nazirliyi sorğunu cavablandırıb

Daxili İşlər Nazirliyi sorğunu cavablandırıb
  13 Oktyabr 2013    Oxunub:1315
Daxili İşlər Nazirliyi intihar etmiş dindarla bağlı sorğunu cavablandırıb.
AzVsison.az Media forum - a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə dindar Kamran Seyidovun son məktubunda yazılanlarla bağlı sorğusunu cavablandırıb.

44 yaşlı Kamran Seyidov sentyabrın 26-da Dövlət Neft Şirkətinin baş ofisindəki ibadət otağında intihar edib. O, bu şirkətin Sosial İnkişaf İdarəsinin Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat Departamentinin təmir-istismar sahəsinin 11-ci dərəcəli ustası olub.
Oktyabrın 11-də “Azadxeber.net” saytı Kamran Seyidovun son məktubunun mətnini yayıb. Məktubda Kamran Seyidovun dini fəallar Bəxtiyar Qurbanov və Röyal Əsgərovla bağlı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində iki gecə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı, təzyiq altında ifadə verdiyi və intihara da bunun səbəb olduğu vurğulanır. Məktubda deyilir: “Məni iki gecə saxladılar. Dindirilmə zamanı olduğu kimi ifadə verdim. Mənə təzyiq edib istəyirdilər deyim ki, guya Hacı Taleh Bağırov onlara deyib məni tutsalar, ajiotaj salarsız. Səhhətimin və psixoloji durumumun pis olmasından təzyiqlərə dözə bilmədim. Onlar məndən istədikləri ifadəni aldılar”.
Məktubda Kamran Seyidov altı aydır əzab çəkdiyini vurğulayaraq dindarlardan üzr istəyib: “Bütün bunlara etiraz olaraq mən sizi tərk edirəm. Xahiş edirəm məni qınamayın”.

Oktaybrın 12-də Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə saytına bildirib ki, Kamran Seyidovun şübhəli şəxs qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək iki gecə saxlanılması, təzyiq altında ifadə verməsi barədə məlumatlar həqiqətdən uzaqdır, belə iddiaların heç bir hüquqi və məntiqi əsası yoxdur.

Şöbə rəisi xatırladıb ki, bu il aprelin 2-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində Bəxtiyar Qurbanov və Röyal Əsgərov barəsində Cinayət Məcəlləsinin özgənin əmlakını qəsdən məhv etməyə cəhd göstərilməsi maddələri ilə cinayət işi başlanıb, istintaq aparılıb: “İyul ayında isə həmin cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib. Sözügedən cinayət işi üzrə Kamran Seyidov özü könüllü olaraq 06.04.2013-cü ildə şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlib və ifadə verməklə əslində istintaqa bir vətəndaş kimi kömək edib. Ona görə Kamran Seyidovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində guya iki gecə saxlanılması və ona təzyiq göstərilməsi barədə yayılan məlumatlar aşkar dezinformasiyadır. Bir daha nəzərə çatdırmaq istərdim ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov barəsində başlanılmış, hazırda məhkəmədə baxılan cinayət işinin Taleh Bağırov barəsində aparılmış cinayət işi ilə heç bir əlaqəsi yoxdur”.


Teqlər:





Xəbər lenti