Qurtuluş günü ədliyyə orqanlarında qeyd olunub

Qurtuluş günü ədliyyə orqanlarında qeyd olunub
  15 İyun 2018    Oxunub:1228
Milli Qurtuluş Günü Ədliyyə Nazirliyində və onun bütün struktur qurumlarında geniş qeyd olunub, bayram münasibətilə nazirliyin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı fədakar xidmətlərindən, Ümummilli Liderin Azərbaycanda müasir ədliyyə sisteminin yaradılmasına və fəaliyyətinə qayğısından bəhs edib, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətləri vurğulayıb.

Həmçinin ədliyyə orqanlarına qulluğa qəbul olunmuş bir qrup gənclərlə görüş keçirilib.

Gənclər əvvəlcə Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil qoyublar.

Görüşdə nazir müavini Toğrul Musayev Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolundan, titanik fəaliyyətindən, ölkəmizdə qanunun aliliyi, insan hüquqlarının təminatı, dövlət quruculuğu istiqamətində misilsiz xidmətlərindən danışıb, dahi öndərin hüquq-mühafizə orqanlarında kadrların seçilib yerləşdirilməsi, onların Azərbaycan dövlətinə sədaqətlə xidmət etməsi, sağlam mənəviyyata, yüksək mənəvi keyfiyyətlərə malik olması ilə bağlı tələblərini xüsusilə diqqətə çatdırıb, ölkə başçısının rəhbərliyi ilə aparılan dövlət gənclər siyasətinə uyğun olaraq həyata keçirilən tədbirləri qeyd edib.

Çıxış edən gənclər dahi öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı naminə sədaqətlə xidmət göstərəcəklərini vurğulayıb, onlara bu əziz bayram ərəfəsində göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Bayramla əlaqədar nazirlikdə Heydər Əliyev Muzeyində əbədiyaşar liderimizin həyatı və fəaliyyəti, zəngin dövlətçilik irsi ilə bağlı yeni foto və ekspozisiyalarla tanış olunub, kinozalda ümummilli liderə həsr olunmuş filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib. Əməkdaşlar, həmçinin Nizami Kino Mərkəzində Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş "Qılınc və Qalxan" sənədli filminə tamaşa ediblər.

AzVision.az


Teqlər: Qurtuluş-Günü   Ədliyyə-Nazirliyi  





Xəbər lenti