Çavuşoğlu azərbaycanlı jurnalistlərə önəmli açıqlamalar verdi - FOTO

Çavuşoğlu azərbaycanlı jurnalistlərə önəmli açıqlamalar verdi - FOTO
  13 İyun 2018    Oxunub:2469
"Türkiyə fərqli ölkələrdən qaz və neft idxal edir. Çünki bizim qaynaqlarımız məhduddur. Biz istəyirik ki, qardaş Azərbaycandan qazı və nefti daha çox alaq"
AzVision.az xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyəli nazir bildirib ki, TANAP layihəsində Azərbaycan və Türkiyə ortaqdır.

"Bundan əvvəlki boru kəmərlərinin həcmi məhdud idi. İndi qardaş Azərbaycandan TANAP vasitəsilə daha çox qazanacağıq. Bu layihəyə bəzi xarici iş adamları da ortaq oldu. Bu, çox möhtəşəm layihədir. Buna görə də özəl firmalar bura investisiya qoydular. Bundan sonra neft və qaza olan ehtiyaclarımızı Azərbaycandan almaq istəyirik. Bildiyiniz kimi, Bakı-Tiflis- Qars layihəsinin açılışını Bakıda etdik. Bu da ortaq böyük layihəmizdir. Bizim nəqliyyat layihələrində də iş birliyimiz var. Türkiyə-Azərbaycan- İran, Türkiyə- Azərbaycan- Türkmənistan- Qazaxıstan tarixi İpək Yolunu dəmiryolu vasitəsilə yenidən bərpa edirik. Çində başlayan layihənin ən önəmli ortaqları Türkiyə və Azərbaycandır. İnşallah Türkmənbaşındakı liman da açılır".



Çavuşoğlu qeyd edib ki, Azərbaycanda Türkiyənin, Türkiyədə isə Azərbaycanın investisiyaları var: "Azərbaycanda hər sahədə inkişaf davam edir. Türkiyə də inkişaf edir və dolayısı yolla iqtisadiyyatı böyüyür. Burada birlikdə addımlar atmaq önəmlidir. Xüsusilə də, müdafiə sənayesi sektorunda yaxın əməkdaşlığımız var. İstehsal etdiyimiz məhsulları qardaş Azərbaycanla paylaşırıq. Hərbi və siyasi istiqamətdə də münasibətlərimiz mükəmməldir. Türk Konseyi Birliyində Azərbaycan və Türkiyə əsas rola sahibdir. Bu mövzuda da əməkdaşlığımız türk dünyasının birliyi istiqamətində davam edəcək. Türk birliyinin mədəniyyət mərkəzi də Bakıdadır".



Türkiyənin XİN rəhbəri vurğulayıb ki, gələcəkdə birlikdə dəyərləndirə biləcəyimiz önəmli fürsətlər var: "Bu istiqamətlərdə də liderlərimizin ortaq qərarlığı var. Bildiyiniz kimi, Bakıdan Alanyaya birbaşa təyyarə reysi açıldı. İlk təyyarə reysi sevinclə qarşılandı. “Buta airways” “Anadolu jet” in təcrübəsindən istifadə etdi. Azərbaycandan olan yüksək təbəqə adətən Bodruma gedir. Ora otelə gedirsiniz və görürsünüz ki, azərbaycanlılar çoxdur. Bodrum da bizim şəhərimizdir və gözəldir. Amma azərbaycanlı siyasətçilərə söyləyin ki, ara-sıra Alanyaya da gəlsinlər. Bu, zarafatdır (gülür)".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti