“Tarixin canlı səhifələri” - FOTOLAR
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər ilk olaraq festival çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi dekorasiyalı sərgi ilə tanış olublar. Nazir Azad Rəhimov bildirib ki, hər tərəfi yaşıllıqlarla əhatə olunan sahədə demək olar ki, yeni bir şəhərcik tikilib. Nazir keçirilən layihənin mahiyyəti haqqında danışarkən diqqətə çatdırıb ki, əsas məqsəd zəngin tariximiz haqda faktları gənc nəslə ötürmək, onlarda vətənpərvərlik hissini daha da artırmaqdır.
Tamaşa 1918-ci ilin martında azərbaycanlıların Novruz bayramını qeyd edərkən qəflətən quldur ermənilərin hücumlarına məruz qalması və amansızlıqla qətlə yetirilməsi səhnələri ilə başlayıb. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bu yolda yaşanan çətinliklər, tarixi şəxsiyyətlər və onların fəaliyyəti o dövrün milli geyimlərini geyinmiş peşəkar aktyorlar və gənclər tərəfindən canlandırılıb.
1500-dən çox aktyor, xalq sənətkarı, gənclər və məktəblilərin iştirak etdikləri festivalda Azərbaycanın hərb tarixi, 1918-ci ilin mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və 23 aydan sonra süqut etməsi əyani olaraq müxtəlif səhnəciklərlə tamaşaçılara təqdim edilib.
Festival atəşfəşanlıqla başa çatıb.
AzVision.az